Səfirlikdən bildirilib ki, müsahibə zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlar, eləcə də regionda cari vəziyyət haqqında ətraflı məlumat verilib, Brüsseldə aparılan danışıqlar zamanı Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ bölgəsini və hələ də işğal altında olan 8 anklavı tanıdığını etiraf etdiyi qeyd olunub.
Regionda bütün kommunikasiyaların bərpa edilməsinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasının bölgə ölkələri üçün vacibliyi vurğulanıb.
Müsahibədə Azərbaycan ərazisində hər hansı bir qanunsuz silahlı birləşmənin mövcudluğunun yolverilməzliyinə diqqət çəkilib və ermənilərin Laçın yolu ilə Qarabağa silah-sursat daşımalarının qarşısını almaq məqsədilə ölkəmizin suveren ərazisində nəzarət-buraxılış məntəqəsinin yaradıldığı qeyd olunub.
Həmçinin Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə toxunulub, onların Azərbaycanın Konstitusiyası və ölkəmizin qanunvericiliyinə hörmətlə yanaşmalı olduğu bildirilib.
Sonda Azərbaycan ilə Peru arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq müstəvidə uğurla davam etdiyi, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğu və Perunun Bakıdakı səfirliyinin işinin bərpasının dost ölkələrimiz arasında əlaqələrin gələcək qarşılıqlı faydalı inkişafına mühüm təkan verəcəyi vurğulanıb. (AZƏRTAC)