08.06.2025, 22:53
AZ EN
22.05.2023, 20:02 310

Azərbaycan-Litva biznes forumu Qarabağa investorların cəlbi baxımından müstəsna əhəmiyyətə malikdir

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev demək olar ki, hər həftə xarici ölkələrə səfərlər edir və yaxud dünyanın önəmli siyasi liderləri Azərbaycana gəlirlər. Dövlətimizin başçısının Litvaya səfəri çox vacib bir dövrə təsadüf etməklə yanaşı, indiki vaxtda həm siyasi, həm də iqtisadi baxımdan bizim üçün xüsusi əhəmiyyətə malikdir.

Bu fikirləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri (STM), politoloq Tural İsmayılov söyləyib.

O qeyd edib ki, bu gün Azərbaycanın Avropa İttifaqının bəzi ölkələri ilə əməkdaşlığa malik olması xüsusilə Mərkəzi və Şərqi Avropada ölkəmizin mövqelərini gücləndirir. Bütün bunlar Azərbaycan Prezidentinin səfərlərində, həmçinin beynəlxalq təşkilatlardakı tədbirlərdə imzalanan sənədlərdə öz əksini tapır.

“Azərbaycan-Litva münasibətləri kifayət qədər yüksək səviyyədədir. Bu gün Litvanın Mərkəzi və Şərqi Avropada oynadığı vacib rol hamıya bəllidir. Eyni zamanda, Litva Avropa ilə Asiya arasında vacib bir nöqtədə yerləşir və gələcək kommunikasiya, nəqliyyat, logistika və sair layihələrdə özünəməxsus yeri olacaq.

Azərbaycanın Litva ilə sıx iş birliyi var. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyində Litvanın sabiq prezidentləri və rəhbərləri təmsil olunurlar. Bakıda keçirilən 10-cu Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə gələn Litvanın indiki və keçmiş rəhbərləri Azərbaycan-Litva münasibətlərinin gələcəyi ilə bağlı öz müsbət fikirlərini bildiriblər. Nəzərə almalı olduğumuz məqamlardan biri də budur ki, Prezident İlham Əliyevin Avropaya səfərləri fonunda, həmçinin iş adamları ilə görüşləri keçirilir”, - deyə T.İsmayılov bildirib.

O əlavə edib ki, dövlətimizin başçısının daha əvvəl Almaniyaya səfərində bu ölkədəki iş adamları ilə görüşləri, indi isə Litva səfərində Azərbaycan-Litva biznes forumunun keçirilməsi Qarabağa xarici investorların cəlb edilməsi baxımından çox müstəsna əhəmiyyətə malikdir.

Bu, təkcə ölkəmizin digər ölkələrlə siyasi, ticari-iqtisadi əlaqələrini möhkəmləndirmir, həm də Qarabağın yenidən qurulması prosesinə beynəlxalq investisiya imkanlarının cəlbini də özündə ehtiva edir.("AZERTAC")

Oxşar xəbərlər