18.10.2024, 18:27
AZ EN
20.05.2023, 16:39 126

Politoloq: Brüssel görüşündə bir sıra mühüm məsələlər növbəti dəfə Azərbaycanın xeyrinə öz əksini tapdı

XƏBƏRLƏR

Keçirilmiş son Brüssel görüşündə bir sıra mühüm məsələlər növbəti dəfə Azərbaycanın xeyrinə öz əksini tapdı. Görüşdən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan mətbuatda hansısa sənədin imzalanmayacağını bildirirdi. Buna baxmayaraq, əldə edilən razılıqlar imzalanmış sənədlərdən daha üstün oldu. Belə ki, Ermənistan 1991-ci il “Alma-Ata Bəyannaməsi“nə əsasən ölkəmizin ərazi bütövlüyünü tanıdığını Brüssel platformasında bir daha təsdiqlədi. Azərbaycan da qarşılıqlı olaraq bu istiqamətdə öz müsbət fikrini bildirdi. Xüsusilə bu məsələdə əraziləri əks etdirən rəqəmlərin səsləndirilməsi təsadüfi sayıla bilməz. Ərazilərimizin toxunulmazlığına sadiqlik yaxın gələcəkdə sərhədlərin müəyyən olunmasında əsas element kimi çıxış edə bilər. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün tanınması həm də Qarabağın Azərbaycanın tərkib hissəsi, ayrılmaz bir parçası olması fikrini də özlüyündə ehtiva edir. Beləliklə, bu bəyanatdan sonra bir daha Qarabağ haqqında məsələnin gündəliyə çıxarılması ehtimalı birdəfəlik aradan qalxdı. Eləcə də beynəlxalq ictimaiyyət Brüssel görüşünə istinadən Qarabağı keçmiş zaman formasında işlətməyə məcbur olacaq.

Bu fikirləri politoloq Amid Əliyev söyləyib.

O qeyd edib ki, görüşdən sonra Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin bəyanatında Zəngəzur dəhlizi boyunca dəmir yol xəttinin açılması zərurətinin vacibliyi də vurğulandı. Bu da Azərbaycanın kommunikasiyaların açılması ilə bağlı üçtərəfli Bəyanatda əks etdirdiyi bəndin icrası anlamına gəlir. Horadiz-Ağbənd dəmir yolunun Azərbaycan ərazisindəki hissəsinin tamamilə hazır olması faktı da bu məsələnin tezliklə həll olunacağını göstərir. Bununla da Zəngəzur dəhlizi məsələsi Avropa platformasında öz təsdiqini növbəti dəfə tapmış oldu. Eyni zamanda, görüş zamanı humanitar yönümlü məsələlərin həlli də əsas müzakirə mövzularından biri idi. Əsirlərin geri qaytarılması, minalı ərazilərin xəritəsinin təqdim edilməsi kimi vacib məqamlar da Ermənistan tərəfinə bir daha xatırladıldı.

“Qeyd olunan faktlarla yanaşı, görüşdə Laçın rayonunda sərhəd-buraxılış məntəqəsinin quraşdırılması və bu fonda ermənilərin yaratdığı ajiotaj haqqında fikirlərin səslənməməsi də o deməkdir ki, Ermənistan və Aİ bunu Azərbaycanın legitim hüququ kimi tanıyıb və mövzu müzakirəyə qapalıdır.

Bütün bunlardan əlavə, üçtərəfli Brüssel platforması Vaşinqtonda əldə edilmiş razılıqların bir daha təsdiqlənməsi və bölgədə sülhün bərqərar olunması istiqamətində keçirilmiş görüş kimi qiymətləndirilə bilər. Azərbaycan bu dəfə də öz prinsipial mövqeyinə sadiq qalaraq sülhün əldə edilməsi üçün lazım olan şərtləri ortaya qoydu, vacib olan təminatları və razılıqları aldı. Ermənistan isə hər zaman olduğu kimi təkcə təklif olunan məsələlər üzrə razılıq bildirməkdən başqa yolu olmadığını bir daha anladı. Bu məsələ isə Azərbaycanın sülh siyasətinin yeni qələbəsi kimi qiymətləndirilməlidir”, - deyə A.Əliyev vurğulayıb.

O əlavə edib ki, Brüssel kuluarı gələcək yeni görüşlərin keçirilməsi və müzakirə olunan məsələlərin formatının dəyişdirilməməsi haqqında razılığın əldə olunması kimi də yadda qaldı. İndiki məqamda Ermənistanın siyasi hakimiyyəti nəzərdə tutulan Moskva görüşündən sonra ciddi mövqe dəyişikliyi nümayiş etdirməsə və ya təxribatlarını genişləndirməsə, çox ehtimal ki, bu il ərzində Azərbaycanın sülh gündəliyi real olaraq icra mərhələsinə çata biləcək. (AZƏRTAC)

Oxşar xəbərlər