Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, Ermənistanın siyasi rəhbərliyi indiyə qədər bu cür birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə münasibət bildirməyib və müxtəlif diplomatik ibarələr altında gizlənməyə çalışıb. Lakin sonuncu Brüssel formatı çərçivəsində keçirilən görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki ölkənin ərazisinin ölçülərini göstərib və son Brüssel Sammitində məhz bu ərazilər çərçivəsində qarşılıqlı tanınma məsələsi gündəmə gətirilib. Ermənistanın baş naziri də bu fikirləri səsləndirib. Hesab edirəm ki, bu, həqiqətən də çox mühüm bir siyasi hadisədir. Eyni zamanda, Paşinyan bu sözləri öz ölkəsində deyil, İslandiyanın paytaxtında səsləndirir. Deməli, bütün dünyanın kütləvi informasiya vasitələri də bunu yazır. Bu yanaşmanın mənası ondan ibarətdir ki, əgər Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıyırsa, bu, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu, Azərbaycanın irəliyə sürdürdüyü beş baza prinsipinin qəbul edilməsi deməkdir. Yəni, bütün danışıqlar məhz 86,6 min kvadrat kilometrlik Azərbaycan ərazisi çərçivəsində aparılmalıdır. Yekun sülh müqaviləsi də məhz bu fakta söykənməlidir. Bu fundamental məsələdə artıq Ermənistanın mövqeyi Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Bu fikirdən geri çəkilmək, hesab edirəm ki, Ermənistanın siyasi rəhbəri üçün çox ciddi bir etimadsızlığın formalaşmasına gətirib çıxara bilər.
“Sülhün alternativi müharibədir, əgər bu baş verərsə Ermənistanın sonunun başlanğıcı ola bilər. Ermənistanın Azərbaycanla təzyiq və güc dili ilə danışmasının mənası yoxdur. Çünki Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ölkəmizin Müzəffər Ali Baş Komandanı, qalib Ordusu və “dəmir yumruğ”a çevrilmiş xalqı var. Bu üç qüvvənin vəhdəti bizim tarixi nailiyyətimizin və gələcək uğurlarımızın kökündə dayanan fundamental dəyərlərdir”, - deyə Elman Nəsirov vurğulayıb. (AZƏRTAC)