19.12.2024, 16:09
AZ EN
07.05.2023, 08:03 143

Deputat: Fransa davranışlarını dəyişməyənədək Cənubi Qafqazda mövcudiyyəti mümkün deyil

XƏBƏRLƏR

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın “France Inter” ictimai radio kanalına müsahibəsi beynəlxalq hüququn prinsiplərinə, Azərbaycan dövlətinin suverenliyinə və 10 milyonluq Azərbaycan vətəndaşına açıq hörmətsizlikdir. Bildiyiniz kimi, 1933-cü il Montevideo Konvensiyasına əsasən, dövlətin əsas 4 əsas elementi müəyyən edilib ki, bunlardan biri dövlətin ərazisidir. Həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il Yekun Aktı ilə sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindən hesab edilib. Eləcə də Konstitusiyamızın 11-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bu hüquqi imperativlər fonunda BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın xarici işlər nazirinin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisini anklav adlandırması açıq təcavüzdür və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin kobud pozuntusudur. Digər tərəfdən nazir Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış formada, artıq 30 ildir mövcud olmayan “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən 1986-cı ildən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş “uti possidetis” prinsipinin kobud pozuntusudur.

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bu prinsipin məğzi ondan ibarətdir ki, müstəmləkə və ya federasiya subyektlərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur. Bildiyiniz kimi, SSRİ dağılarkən qəbul edilmiş Alma-Ata Bəyannaməsi ilə müttəfiq dövlətlər İttifaq daxilində sərhədlərini qarşılıqlı olaraq qəbul ediblər. Ötən ilin oktyabrında Ermənistanın Baş naziri özü də Alma-Ata Bəyannaməsinə istinad edərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bütün bunların fonunda indi Ketrin Kolonnanın Azərbaycanla bağlı onun hələ SSRİ dövründə malik olduğu və hətta Ermənistanın özünün tanıdığı ərazisinin bütövlüyünə istənilən iddia və ya qəsd “uti possidetis” prinsipə tamamilə ziddir.

B.Məhərrəmovun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq dəfələrlə bəyan edib ki, Qarabağ və orada yaşayan erməni əsilli sakinlərin taleyi bizim daxili işimizdir. Həmçinin Laçın və Xankəndi, eyni zamanda, onlar arasındakı yol Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazisidir. Digər dövlətlə sərhəddə, indiki halda Ermənistanla şərti sərhəddə sərhəd-nəzarət buraxılış məntəqəsi təsis etmək Azərbaycanın suveren hüququdur. Belə bir situasiyada Fransa hökumət rəsmisinin mövcud olmayan “Dağlıq Qarabağ” anlayışından istifadə etməsi, habelə Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasına etirazını bildirməsi, eyni zamanda, beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi ilə müəyyən edilmiş “dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq” və “dövlətlərin suveren bərabərliyi” prinsiplərinin pozuntusudur.

“Fransa, həmçinin heç bir əsas olmadan, həqiqətə əsaslanmayaraq Laçın yolunun blokadada olduğunu iddia edərək bölgədə situasiyanı süni şəkildə gərginləşdirməklə BMT-nin məqsəd və prinsiplərinə, konkret olaraq təşkilatın Nizamnaməsinin birinci maddəsinin birinci bəndinə açıq zidd formada davranır. Daha aydın şəkildə desək, Fransa dövləti bu gün Cənubi Qafqazda sülh və təhlükəsizliyə təhdid yaradır. Əlbəttə, BMT TŞ-nin daimi üzvünün bu davranışları özlüyündə yolverilməzdir və mütləq ən azı Baş Assambleya səviyyəsində Parisin davranışları pislənməlidir. Lokal müstəviyə gəlincə təbii ki, Fransa regionda bəyanatlardan daha irəliyə getmək güc və imkanında deyil. Prezident İlham Əliyev məhz bu tip təhrikedici, təcavüzkar və qərəzli davranışlarına görə Parisi artıq 3 ilə yaxındır ki, regiondan təcrid edib. Fransa faktiki olaraq Cənubi Qafqazda yoxdur və davranışlarını dəyişməyənə qədər də bölgədə mövcudiyyəti mümkün deyil”, - deyə Milli Məclisin deputatı qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər