- Bu yaxınlarda "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin iclasında parlamentin sədri Alen Simonyanın davranışının müzakirə edilməməsi həm partiya üzvləri, həm də bəzi funksionerlər tərəfindən qınaqla qarşılanıb. Ermənistanın ilk prezidenti L.Ter-Petrosyanın spikerlə bağlı açıqlamasından sonra isə Alen Simonyanın spikerlikdən geri çağırılması haqqında fikirlər dolaşmaqdadır. Levon Ter-Petrosyanın prezidentliyi dövründə yüksək vəzifə tutan Vigen Xaçaturyan bildirib ki, spikerin impiçment məsələsi qoyulmalıdır. Hakim partiyanın tanınmış funksioneri Andranik Koçaryan isə onun mövqeyini bəyənib və deyib ki, "Ter-Petrosyan mövqe nümayiş etdirib. Ter-Petrosyanın mövqeyinə hörmət edərək hər halda araşdırma aparılmasına ehtiyac var. Bu müzakirə mövzusu olmalıdır".
Bu xəbəri yayan "Hraparak" öz mənbələrinə istinadən əlavə edib ki, Alen Simonyana qarşı iş görülür və "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Hayk Koncoryan bu işə başçılıq edir. Halbuki, o VM partiyasında məhz Alen Simonyanın sayəsində yüksək vəzifə tutub. Agentlik sonda bildirib ki, parlamentin sədri vəzifəsini Koncoryan özü tutmaq istəyir.
Xatırladaq ki, "Hraparak"ın rəhbəri Armine Ohanyan həm də parlamentin sədri Alen Simonyanın qayınanasıdır.
Nəsib Qaramanlı