"Vətən səsi" xəbər verir ki, bunu Ermənistandakı hakim "Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan deyib: "Azərbaycan özü yollarını heç bir ön şərt olmadan açıb, amma bizim müxalifət deyir ki, aldadacaqlar, filan-filan edəcəklər. Bunların hamısı əsassızdır, Azərbaycan hökuməti nəyi deyibsə, onu da edib".
Qaqik Melkonyan Ermənistan müxalifətinin sülh prosesi üzərindən manipulyasiya cəhdlərinin nəticə vermədiyini bildirib. Onun sözlərinə görə, bəzi siyasi qüvvələr hələ də xaricdən (Rusiyanı nəzərdə tutur - red.) Ermənistan rəhbərliyinə hansısa göstərişlər veriləcəyini və Paşinyanın həmin tələbləri yerinə yetirmyə məcbur olacağını düşünür: "Ermənistan bu mərhələni çoxdan keçib, biz öz siyasətimizi özümüz müəyyənləşdirik".
Melkonyan Rusiya-Ermənistan münasibətlərinə də diqqət çəkib. Onun sözlərinə görə, Rusiya Ermənistana təsir imkanlarını tamamilə itirib və hazırda Moskvana nə siyasi, nə də iqtisadi durumu buna imkan vermir: "Rusiya Ermənistanda investisiya qoymaq istəmir, qoymayacaq da. Rusiya bizim son tikə çörəyimizi də aparmağa öyrəşib. Baş nazir Nikol Paşinyan çox düzgün siyasət aparır, Rusiyaya deyib ki, gəlin "Tramp Marşrutu" layihəsində iştirak edin. Lakin Moskva bu çağırışlara cavab verməyib. Görünür, üzərimizə yenə də hansısa öhdəlik qoymaq istəyirlər. Biz artıq onlar üçün əvvəlki Ermənistan deyilik. Lavrov hələ də düşünür ki, onun göstərişləri ilə burada vəzifələrə təyinatlar olmalıdır, gedib öz ölkəsi ilə məşğul olsun. Solovyov da əvvəlcə oğlunun harada olduğunu desin, İngiltərədə gizlədilir, qoy gətirib müharibəyə göndərsin, sonra danışsın. Rusiya hətta bizim kilsəni də qarışdırdı, amma yenə də nəticə çıxmadı".
Erməni deputat keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın dönəminin də artıq geridə qaldığını söyləyib: "Rusiyapərəst keçmiş prezidentlər artıq Ermənistanda yenidən iqtidara gələ bilməyəcəklər, çünki xalq artıq 10 min drama səs vermir".
Elxan SALAHOV