02.03.2026, 00:33
AZ EN
05.01.2026, 14:51 239

Ermənistan müxalifəti şokda: Paşinyanın "Rusiyanın adamı"nı həbsdən azad etməsi...

XƏBƏRLƏR
  • 2025-ci ilin iyun ayında maliyyə pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Ermənistan məhkəməsinin qərarı ilə o, zaminə buraxılıb və ölkədən çıxışına qadağa qoyulub.

"Vətən səsi" xəbər verir ki, Erməni Apostol Kilsəsini dəstəkləməsi və kilsə ilə hökumət arasında yaranmış gərginlik fonunda həbs edilmiş Karapetyanın birdən-birə azad edilməsi Ermənistandakı siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. Hökumətin heç kəsin gözləmədiyi halda belə bir addım atması qarşıdan gələn parlament seçkiləri ilə bağlı hansısa mühüm sövdələşmənin mühüm tərkib hissəsi olduğu da deyilir. "Parlaq Ermənistan" partiyasının sədri Edmon Marukyan özünün sosial şəbəkə hesabında belə yazıb: "Biznesmen və xeyriyyəçi Samvel Karapetyanın həbsinin ev dustaqlığı ilə əvəz edilməsi hakimiyyət tərəfindən atılan bir addımdır və məqsədi onun rəhbərlik etdiyi "Bizim yolumuz" hərəkatının artan reytinqini idarə etmək və qarşıdan gələn seçkilərdə özünü göstərməkdir".

Partiya sədri qeyd edib ki, Samvel Karapetyanın yaratdığı siyasi birliyə 17 mindən çox könüllü qoşulub. O, sosioloji sorğulara əsaslanaraq deyib ki, "Bizim yolumuz" hərəkatı hazırkı Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasından sonra ikinci ən böyük siyasi təşkilatdır: "Bu, Paşinyan üçün ağrılı bir reallıqdır, çünki bu halda insanlara birincilərin geri döndüyünü demək çətindir. Belə bir ssenaridə seçki kampaniyası Paşinyan üçün fərqli, arzuolunmaz məntiqə əsaslanır".

Marukyan onu da bildirib ki, Baş nazir Paşinyan vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Onun sözlərinə förə, Samvel Karapetyanı altı ay MTX təcridxanasında saxladıqdan sonra ev dustaqlığına buraxması da bu məqsədə xidmət edir: "Hakimiyyət düşünür ki, Karapetyanın reytinqinin artmasının qarşısını almaq və ya onu idarəolunan nəzarətə çevirmək üçün nəsə etməlidir. Yəni prosesi müxalifət yox, özləri idarə etsinlər. Samvel Karapetyana ev dustaqlığı tətbiq etməklə paralel olaraq, məhkəmə əlavə müstəsna məhdudiyyət tətbiq etməklə ona apelyasiya xarakterli ifadələr vermək qadağan edilib".

Bununla belə, Marukyan hesab edir ki, Karapetyanın nümunəsi müxalifətət üçün stimul olmalıdır. Onun sözlərinə görə, iyun ayında keçiriləcək parlament seçkilərində Paşinyanın partiyasının qalib gəlmək şansı yüksəkdir: "Hökumət bəzi hallarda çevikliyi, bəzi yerlərdə sərtliyi və geniş düşüncəsi ilə Paşinyanın yenidən seçilməsini təmin etmək üçün hər şeyi edir. Müxalifətdə nə edilir, onlar nə düşünürlər, hökumətin nə etdiyini başa düşürlərmi? Təəssüüf ki, müxalifət bu sağlam düşüncəyə qətiyyən sahib deyil. Buna görə də reallıqları, hökumətin nə etdiyini düzgün qiymətləndirmək çox vacibdir. Əks halda həmin anda nə edəcəyini bilməyən müxalifət seçkilərdə biabırcasına məğlub olacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər