"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, parlamentdə təmsil olunan hakim partiyanın nümayəndələri ilə müxalifətçi deputatlar bir-birini satqınçılıqda ittiham edib. Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arsen Torosyan müxalifəti ölkənin müstəqilliyini istəməməkdə günahlandırıb. O, müzakirələr zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasına qarşı çıxan müxalif “Ermənistan” fraksiyasının deputatı Kristina Vardanyana cavabında bildirib: “Müxalifət dövlətçiliyin ən mühüm atributlarından biri olan sərhədə malik olmağımızı istəmir. Dövlətin sərhədi müstəqillik üzərində müəyyənləşir, siz bunun əleyhinə idiniz, indi də əleyhinəsiniz”.
Deputat vurğulayıb ki, müxalifətin nə istəməsindən asılı olmayaraq, Ermənistan-Azərbaycan sərhədi sona qədər demarkasiya ediləcək və Nikol Paşinyan hökuməti bunda qərarlıdır.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə İrəvanı Türkiyə ilə danışıqlar aparmaqda ittiham edən “Daşnaksütyun” Partiyasını ikiüzlü adlandırıb. O, həmin təşkilatın özünün 1918-1920-ci illərdə Türkiyə ilə danışıqlar apardığını xatırladıb: “Birini Türkiyə ilə danışıqlarda ittiham edərkən, özünüzə də baxın, ikiüzlü olmayın. Əgər özü də eyni şeyi edibsə, başqalarını ittiham etmək hüququndan məhrumdur”.
Rubinyan əlavə edib ki, Paşinyandan sonrakı hakimiyyətə gələn hökumət Türkiyə ilə danışıqlar apararsa, indiki hökumət bu danışıqlara görə onu tənqid etmək hüququnu özündə saxlamayacaq: “Çünki biz “Daşnaksütyun” Partiyası kimi ikiüzlü olmaq istəmirik, ikiüzlülük siyasəti öldürür”.
Xatırladaq ki, Ruben Rubinyan həm də Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsidir. O, ötən həftə Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Sərdar Kılıçla görüşmüşdü.
Elxan SALAHOV