“Hraparak” qəzeti yazır ki, Baş nazirin sədrliyi ilə keçirilən iclas kadr dəyişikliklərinə həsr olunub. Paşinyan “Vətəndaş müqavilə”si partiyasının deputatları Narek Zeynalyana və Ovik Ağazaryana mandatlarını təhvil vermələrini tapşırıb. Zeynalyan tapşırığı yerinə yetirib, lakin Ağazaryan hələ də müqavimət göstərir. Onun fraksiyadan çıxarılması məsələsi “Vətəndaş müqavilə”sinin parlament fraksiyasının noyabrın 29-da keçirilən iclasında müzakirə olunub. Qəzetin yazdığına görə, iclas zalında Aqazaryanı görən Paşinyan təəccüblənib, lakin birbaşa heç nə deməyib və çıxışı zamanı ona eyhamlar ünvanlamaqla kifayətlənib. Ağazaryan çıxış etməsə də, görüşün sonuna qədər iclasda iştirak edib.
Bildirilir ki, Paşinyan oktyabrın 15-də istintaq komitəsinin sabiq rəhbəri Argişti Karamyanla mübahisə etdikdən sonra Aqazaryanı mandatdan məhrum etmək qərarına gəlib. Ancaq Aqazaryan mandatını verməkdən imtina edir. Maraqlıdır ki, hakim partiyanın bəzi deputatları baş nazirin tələbinə müqavimət göstərən partiya yoldaşlarını gizli şəkildə dəstəkləyirlər. Bu isə hakimiyyət düşərgəsində ciddi fikir ayrılıqlarının olduğunun daha bir göstəricisidir.
Xəbər verdiyimiz kimi, bundan bir neçə gün öncə hüquq-mühafizə sistemində yüksək vəzifə tutan bəzi şəxslər – daxili işlər naziri Vahe Qazaryan, istintaq komitəsinin sədri Argişti Karamyan, korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Sasun Xaçatryan, ali məhkəmə şurasının sədri Karen Andreasyan vəzifələrindən azad olundular. Həmçinin, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və dövlət gəlirləri komitəsinin sədri Rüstəm Badasyan da işdən çıxarıldılar.
Günel QULİYEVA