20.10.2024, 03:58
AZ EN
10.08.2024, 15:37 256

KİV: Paşinyan tezliklə COP29-da iştirakı ilə bağlı qərarını açıqlayacaq

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransında iştirakı ilə bağlı qərarını tezliklə açıqlayacaq.

Bu barədə Ermənistan KİV-ləri öz mənbələrinə istinadən məlumat yayıb.

KİV yazır ki, Paşinyan avqustun 12-də məzuniyyətdən qayıtdıqdan sonra hökumətdə kadr dəyişikliyi edəcək, həmçinin, mətbuat konfransı keçirəcək. O, COP29-da iştirak etmək qərarını açıqlayacaq və Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı konkret mesajlarla çıxış edəcək.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Şuşa Qlobal Media Forumunda Azərbaycanın Ermənistanı COP29-a dəvət etdiyini açıqlayıb.

Hikmət Hacıyev xatırladıb ki, COP29 prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə rəsmi dəvət göndərib.

"Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb", - H. Hacıyev vurğulayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir. (Trend)

Oxşar xəbərlər