- "Hraparak" yazıb ki, bu gün baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətin növbəti iclası keçirilir. Gündəlikdəki iki məsələ qapalı şəraitdə müzakirə edilib. Baş nazir həmin iclasda Hraçik Gevorkyanın və Mark Qriqoryanın məcburi hərbi xidmətdən azad edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Deyib ki, hər iki əsgər futbolçudurlar və öncə 19, sonra 21 yaşlı futbolçulardan ibarət komandada oynayarkən yaxşı nəticələr göstəriblər. İndi isə onlar Ermənistan milli yığmasına qəbul ediliblər və məşqlərdə müntəzəm iştirak etmələri üçün hərbi xidmətdən azad olunurlar.
Agentliyin əməkdaşı bu məsələyə münasibətdə öz erməni xislətini açıqlayıb. Yazıb ki, idmanın digər növləri üzrə keçirilən yarışlarda da hərbçilər iştirak ediblər və onların bəziləri yüksək nəticə göstərsələr də xidmətdən azad edilməyiblər. O, daha sonra belə qənaətə gəldiyini də rişxəndlə qeyd edib ki, baş nazir özü həm futbol, həm də velosiped azarkeşi olduğuna görə yəqin yaxşı velosiped sürən hərbçiləri də xidmətdən azad etmək barədə qərara imza atacaq.
N.Qaramanlı