19.09.2024, 05:20
AZ EN
18.07.2023, 09:50 270

Separatçılar oturaq aksiyaya başlayır – ÇADIR QURDULAR

XƏBƏRLƏR
  • Qarabağda separatçı rejim təxribatçı hərəkətlərini daha radikal formada davam etdirməyi planlaşdırır.

“Vətən səsi” xəbər verir ki, Xankəndidəki qondarma rejimin başçısı Arayik Arutyunyan ötən gecə ermənilərə müraciət edib. O, müraciətində Azərbaycanı və beynəlxalq qurumları hədələyərək bildirib ki, bir həftə ərzində beynəlxalq müdaxilə olmasa, “artsax” xalqının rəyi nəzərə alınmasa, daha sərt tədbirlərə əl atacaqlar.

Qarabağdakı erməni əhalisinə müraciətindən sonra separatçıların lideri Xankəndinin mərkəzi meydanında oturaq aksiya elan etdiyini bildirib. Bundan bir qədər sonra şəhərin mərkəzi hissəsində çadırlar qurulub.

Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin yaydığı məlumata görə, separatçı-terrorçu rejimin qondarma “qanunverici” orqanının rəhbəri sədri Artur Tovmasyan gecə ikən “fraksiya rəhbərlərinin və daimi komissiya sədrləri”nin iştirakı ilə fövqəladə iclas çağırıb. Bundan sonra o da  Araikin rəhbərliyi ilə başlayan oturaq aksiyaya qoşulduğunu açıqlayıb.

Artıq Araikin Xankəndinin mərkəzi meydanında qurulmuş çadırdakı görüntüləri yayılıb. Erməni mətbuatının yaydığı foto və videolardan göründüyü kimi, hələ ki, çadırlarda Arayik Arutyunyanın özündən başqa heç kəs yoxdur.

Xatırladaq ki, erməni separatçılarının liderləri iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələrindən narazı qalıblar. Onlar Brüssel görüşlərində Laçındakı “blokada”nın aradan qaldırılması üçün Azərbaycana qarşı təzyiqlərin artacağını, müvafiq bəyanatların səsləndiriləcəyini gözləsələr də, arzuları gözlərində qalıb. Əksinə, həmin görüşdə Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin rəsmi Bakıya inteqrasiyasının qaçılmaz olduğu bir daha vurğulanıb.

Elxan SALAHOV

Oxşar xəbərlər