Bir matçı təxirə salınan Ağdam təmsilçisi xal itirmədən irəliləyir. Bu, Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasının təkrarıdır. “Qarabağ” “Neftçi”nin 30 il əvvəl imza atdığı rekordu təkrarlayıb. Paytaxt klubu 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalınız 13-cü qarşılaşmasında bunu bacarmayıb. Ağdamlılar təkrarladığı 30 illik rekordu noyabrın 9-da yeniləyə bilər. Bunun üçün komanda təxirə salınan görüşdə “Turan Tovuz”a qalib gəlməlidir.
Bu, ötən mövsümü ardıcıl üç qələbə ilə tamamlayan ölkə çempionunun ardıcıl 15-ci qalibiyyəti olub. Bölgə təmsilçisi sonuncu dəfə ötən mövsümün XXV turunda xal itirib. Bu il mayın 5-də “Zirə” ilə qolsuz heç-heçədən sonra baş tutan bütün matçlarda üç xal qazanan Ağdam klubu öz tarixinin rekordunu təkrarlayıb. Komanda 2019-cu ildə də ardıcıl 15 dəfə qalib gəlib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda bununla da məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. 2021-ci il oktyabrın 25-də səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan "köhlən atlar" ötən mövsümün son 20 matçında məğlub olmayıb. Bu görüşlərdə ağdamlılar 16 qələbə qazanıb və 4 heç-heçə edib. Cari çempionata 12 qələbə ilə başlayan “Qarabağ” üçün “Kəpəz”lə qarşılaşma məğlubiyyətsiz 32-ci görüş olub. Bununla da Ağdam klubu Azərbaycan çempionatlarının mütləq rekorduna imza atıb. 2018-19-cu illərdə ardıcıl 31 oyunda uduzmayan bölgə təmsilçisi üç ildən sonra özünün sahibi olduğu rekordu yeniləyib.