22.02.2026, 21:54
AZ EN
22.02.2026, 10:14 219

Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

XƏBƏRLƏR
  • İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunları bu gün başa çatacaq.

Olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Tədbir İtaliyanın rəmzlərindən sayılan Verona Arenasında (Verona Olympic Arena) keçiriləcək.

"Filmmaster" tərəfindən hazırlanan və "Grand Finale" (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirəcək. Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunacaq və ənənəvi Olimpiya bayrağı növbəti ev sahibi şəhərə ötürüləcək.

Mötəbər idman yarışında Azərbaycanı iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edib. Bağlanış mərasimindəki paradda də ölkənin bayrağını məhz onlar daşıyacaqlar.

Fevralın 10-da Vladimir Litvintsev Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətlənidirilib və bu nəticə ilə o ilk "24-lüy"ə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.

Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb. Kortina-dAmpetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı xizəkçi 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da idmançımız iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarını 51 yerdə başa vurub.

Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 40 (18 qızıl, 11 gümüş, 11 bürünc) mükafat qazanıb. ABŞ (11 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü, İtaliya (10 qızıl, 6 gümüş, 14 bürünc) dördüncüdür.

Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparır. (Report)

Oxşar xəbərlər