17.01.2026, 19:49
AZ EN
12.01.2026, 12:23 244

Ağdamın samboya verdiyi böyük töhfə - Əbülfəz Əliyevin həyat yolu

XƏBƏRLƏR
  • Azərbaycan idman tarixində xüsusi yeri olan sambo üzrə məşqçi, fədakar müəllim və əsl vətənpərvər Əbülfəz Calal oğlu Əliyev 28 fevral 1949-cu ildə Ağdam şəhərində anadan olub. Gənclik illərindən idmana maraq göstərən Əbülfəz müəllimin həyat və fəaliyyət yolu Azərbaycan sambosunun formalaşmasına böyük təsir göstərib.

1966-cı ildə Ağdamda orta məktəbi bitirən Əbülfəz Əliyev, 1968-ci ildə ordu sıralarına çağırılıb və Moskvada daxili qoşunlarda xidmət edib. Orduya qədər sərbəst güləşlə məşğul olan gənc idmançı burada samboya maraq göstərməyə başlayıb. Qısa zamanda uğurlu nəticələr əldə edən Əbülfəz müəllim Moskva çempionatında birinci yeri tutaraq adından söz etdirməyə nail olub.

Hərbi xidmətdə göstərdiyi şücaət - həbsxanadan qaçmış cinayətkarı zərərsizləşdirdiyinə görə ona SSRİ Ali Sovetinin fərmanı ilə “Rəşadətə görə” medalı təqdim olunub. Xidmət illərindən sonra Moskvada “Dinamo” idman cəmiyyətində məşqçi kimi fəaliyyət göstərsə də, ailəsinin təkidi ilə doğma Ağdama qayıdıb və 1975-ci ildə burada Azərbaycanın üçüncü ixtisaslaşmış sambo məktəbinin əsasını qoyub.

Sambo məktəbinin yaradılması, Əbülfəz müəllimin böyük əməyi və nüfuzu sayəsində baş tutmuşdu. Onun rəhbərliyi altında yetişən idmançılar sırasında Vaqif Bayramov, Yaqub Həsənov, Mübariz İbrahimov, Ceyhun Məmmədov və digər tanınmış adlar var. Xüsusilə Ceyhun Məmmədovun dünya sambosu tarixində analoqunun olmaması Əbülfəz müəllimin təlim metodikasının nə qədər effektiv və dəyərli olduğunu göstərir.

Əbülfəz müəllim SSRİ-nin Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim adına layiq görülmüşdü. Onun fəaliyyəti həmçinin UILKGI-nin YİF təşkilatlarının döş nişanı, Azərbaycan SSR Ali Sovetinin, Sov.İKP-nin və SSRİ İdman Komitəsinin fəxri fərmanları ilə qiymətləndirilib. O, sosializm yarışlarının qalibi olmuşdu.

Müstəqillik illərində də Azərbaycan yığma komandasının baş məşqçisi kimi fəaliyyət göstərən Əbülfəz Əliyev sambonun ölkəmizdə inkişafı üçün ömrünü sərf etdi. Onun baş məşqçi olduğu dövrlərdə Azərbaycan sambosu beynəlxalq arenada ciddi uğurlar qazandı.

Əbülfəz Əliyev 2004-cü il yanvarın 12-də vəfat edib. Dərin hörmət və ehtiramla anırıq. Allah rəhmət eləsin!

Əbülfəz Əliyev həm idmana, həm gənc nəslin tərbiyəsinə, həm də Vətənə xidmət nümunəsi kimi xatırlanır və xatırlanacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər