16.10.2025, 22:36
AZ EN
01.10.2025, 10:16 225

“Qarabağ”dan maraqlı oyun gözləyirik!

XƏBƏRLƏR
  • Ağdamın “Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. Futbolçulamızın rəqibi Danimarkanın "Kopenhagen" komandasıdır. Oyun Bakıda Tofiq Bəhramov adına stadionda saat 20:45-də başlayacaq. Görüşü Niderlanddan olan türk əsilli hakim Serdar Gözübüyük idarə edəcək.

İlk turda Portuqaliyada “Benfika” üzərində parlaq qələbə (3:2) qazanan Ağdam təmsilçisi bu günkü oyunda da qalib gəlməklə turnir cədvəlində üst pillələrdə qərarlaşa bilər. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünənki mətbuat konfransında deyib: “Sevindirici haldır ki, belə böyük turnirin oyunu yenidən Bakıda keçiriləcək. Həm sevincli, həm həyəcanlı, həm də məsuliyyətliyik… Böyük ölçüdə heyəti müəyyənləşdirmişəm. Rəqibin oyun üslubu əvvəlki illərlə müqayisədə təxminən eynidir. Sadəcə, hər il daha da inkişaf edirlər. Bu il həyətlərində daha texnikalı və sürətli futbolçuları var. Klubun fəlsəfəsi isə dəyişməz olaraq qalır… Futbolda qələbənin düsturu olur. Biz də qalib gəlmək üçün çalışırıq. Təbii ki, məğlub da ola bilərik. Qarşımızda ciddi komanda var. Biz onların da göstərdiyi oyuna hazır olmalıyıq”.

Xatırladaq ki, “Qarabağ” və “Kopenhagen” artıq avrokuboklarda 5-ci dəfədir ki, rəqib olurlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ” üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qaydası sayəsində, tarixində ilk dəfə, Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

Bu gün də “Qarabağ”dan maraqlı oyun və qələbə gösləyirik!

Oxşar xəbərlər