Bu sözləri açıqlamasında Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib. O, tarixi nəticə qazanacağını turnirdən əvvəl də hiss etdiyini bildirib: “Bunadək iki dəfə 23 yaşadək güləşçilər arasında Avropa çempionatında qızıl medal qazanmışdım. Bu nəticələrdən sonra hədəfim dünya çempionu olmaq idi. Çünki bu yaş kateqoriyasında sonuncu yarışımı keçirirdim. Qızıl medal qazanacağıma şübhəm yox idi. Şükürlər olsun ki, bayrağımızı yüksəklərə qaldırdım”.
Gənc idmançı final görüşünün daha çətin keçdiyini söyləyib: “Yaponiyalı Ruka Natami ilə qarşılaşmada böyük güc sərf etdim. Bu ölkədən olan idmançılarla mübarizə aparmaq çətin olur. Çünki onlar son saniyəyə kimi təzyiq göstərirlər. Dizimdə olan zədə və həyəcan tez yorulmağıma səbəb oldu. Lakin əzm sayəsində qızıl medalı ölkəmə qazandırdım. Gələcək hədəfim böyüklər arasında keçirilən Avropa, dünya və Olimpiya oyunlarında uğurlu nəticələr əldə etməkdir”. (AZƏRTAC)