Bunu “Qarabağ”ın yeni transferi Aleksey İsayev klubun rəsmi saytına müsahibəsində deyib.
28 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı Azərbaycanın ən yaxşı komandası adlandırıb: “Həmişə öz oyun üslubunu nümayiş etdirir. Baxımlı oyun və hücum futbolu göstərir. Bu komandada yer aldığıma görə xoşbəxtlik hissi keçirirəm. Ola bilər ki, bu hisslərimi sözlə ifadə edə bilmirəm, amma daxilimdə həqiqətən də xoşbəxtəm. Komandamızın maksimum nəticələr göstərməsi üçün meydanda hər şeyi edəcəyəm”.
İsayev kollektivdə xoş qarşılandığını söyləyib: “Məşqdən öncə baş məşqçimiz Qurban Qurbanov komanda qarşısında mənə xoş sözlərlə uğurlar arzuladı. Belə isti qarşılanma üçün ona minnətdaram. Azərbaycan futbolunu hər dəfə daha bir pillə irəli aparan mütəxəssis barədə yalnız ən yaxşı sözləri demək olar. Məşq barədə müsbət təəssüratlarım var. Futbolçuların hamısı yüksək insani keyfiyyətlərə malik böyük peşəkarlardır. Onların əksəriyyətini şəxsən tanıyıram. Məni əla qarşıladılar, çox xoş oldu. Digərləri ilə daha yaxın tanışlıq üçün vaxtımız olacaq”.
Azərbaycan millisinin üzvü hədəfləri barədə də danışıb: “Mənim hədəflərim klubumuzla eynidir. Ən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirəm. Özümdə olan, amma görünməyən potensialımı addım-addım inkişaf etdirməliyəm. Buna da mütləq nail olacağam”.
Qeyd edək ki, “Qarabağ” "Sabah"dan transfer etdiyi Aleksey İsayevlə 3,5 illik müqavilə bağlayıb. (Report)