21.11.2024, 23:38
AZ EN
25.03.2023, 15:55 101

"Rusiya sülhməramlıları açıq şəkildə erməni terrorçularının dəstəkçisinə çevrilib"

XƏBƏRLƏR
  • “Qarabağdakı sülhməramlıların ermənilərin qanunsuz silah daşınmasına şərait yaratması onu göstərir ki, Rusiya və Ermənistan müharibəyə hazırlaşır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, sülhməramlılar adlarından da göründüyü kimi, regionda sabitliyin təmin olunmasına çalışmalıdırlar: “Silahların daşınması isə onu göstərir ki, onlar mövcud gərginliyi daha da gücləndirmək, sülh prosesinə mane olmaq istəyirlər. Əlbəttə, bu, qəbuledilməzdir. Ən azından ona görə ki, rus hərbçilərinin bu addımı həm də 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanata ziddir”.

Deputatın sözlərinə görə, sülhməramlılar açıq şəkildə terrorçuların dəstəkçisinə çevriliblər: “Bu, məkrli siyasətdən xəbər verir. Separatçıların Azərbaycana qarşı təxribatlarında sülhməramlılar da rol oynayır. Görünür, tərəflər arasında işbirliyi var”.

Parlamentarinin fikrincə, Azərbaycan Ordusunun növbəti dəfə anti-terror əməliyyatı keçirməsi qaçılmazdır: “Biz 3 il ərzində sülh üçün çalışdıq. Amma sülh prosesinə süni əngəl yaradılır. Təxribatlara, o cümlədən qanunsuz silah daşınmasına imkan verə bilmərik. Ermənistanın təxribatları onu deməyə əsas verir ki, biz güc yolu ilə cavab verməli olacağıq. Qarabağdakı rus hərbçiləri haqqında isə onu deyim ki, belə sülhməramlılara ehtiyacımız yoxdur. Əsas vəzifə unudulub. Sülhməramlılar gah taksi fəaliyyəti ilə məşğul olur, gah bağça tikir, gah da təxribatçıları dəstəkləyirlər. Madam ki, onlar sülh yox, gərginlik yaratmaqla məşğuldurlar, onda ən qısa zamanda- vaxtından tez onların torpaqlarımızı tərk etməsi barədə düşünməliyik. Çünki alternativ yoxdur. Biz sülh üçün çalışsaq da, buna qarşılıq görmürük. Yəni daha 30 il gözləmək niyyətimiz yoxdur. Deməli, təxribatlara çox sərt reaksiya verəcəyik”.

Qeyd edək ki, dünən, martın 24-də Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkət etdiyinə dair məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan 1 ədəd "KamAZ" avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

Bundan başqa, ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi məlum olub.

Bu, ilk belə hal deyil. Qarabağdakı sülhməramlı kontingent ermənilərin qanunsuz əməllərinə şərait yaratmaqla özlərinə olan inamı da sıfıra endirirlər."("Report")

Oxşar xəbərlər