Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini, Vətən müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən müharibəsinin qəhrəmanı general-mayor Zaur Cavanşir hazırda Azərbaycanın cənub sərhədlərində təlimlər keçir.
O, Cavanşirlər nəslindəndir, Pənahəli xan nəslinin nümayəndəsidir. 2002-2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil alıb. 2005-ci ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub.
2020-ci ildə Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin komandanlarından biri olub. O, Cəbrayıl, Hadrut, Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarında komandanlıq edib, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olub. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində xüsusi qəhrəmanlıq göstərib və Şuşanın ilk komendantı təyin edilib. Zaur Cavanşir Şuşaya sancılan və Zəfər bayrağı elan edilən Azərbaycan bayrağı ilə Zəfər Paradında döyüş bayraqları qrupuna rəhbərlik edib.
2020-ci il dekabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Cavanşirə “General-mayor” rütbəsi verilib.Vətən qarşısındakı xidmətlərinə görə “Hərbi xidmətlərə görə” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, ”Vətən müharibəsi qəhrəmanı”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ