8 oktyabr - müharibənin 12-ci günü:
• Bölmələrimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusuna məxsus 10-dək tank, 6 ədəd “D-20” top, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilən Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların, düşməndən əldə olunan hərbi qənimətlərin videogörüntülərini paylaşıb.
• “Azərkosmos” ASC işğaldan azad olunmuş Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 8-i saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.
Azərbaycan Ordusunun bölmələri düşmənin zirehli texnikasını məhv etməyə davam edir.(AZƏRRTAC)