Bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qadın minatəmizləmə qrupları hazırda Ağdam rayonunun Nəmirli kəndində mina sahəsinin, Güllücə kəndində isə döyüş sahəsinin təmizlənməsini həyata keçirir. Bundan başqa, Güllücə kəndində texniki təhqiqat da aparılır. Qadın minatəmizləmə qrupları tərəfindən bu ilin ötən dövrü ərzində 2 milyon 524 min 291 kvadratmetr ərazi təmizlənib və 17 ədəd tank əleyhinə mina və 6 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Qadın minatəmizləmə qruplarının fəaliyyətinə BAMF-ın İcma Mina Aksiyası komandasının peşəkar mütəxəssisləri ilə yanaşı APOPO-nun minaaxtaran itləri və siçovulları ilə də dəstək verilir. Bundan başqa lazım olduqda ANAMA tərəfindən minaaxtaran maşınlar da əməliyyatlara cəlb edilir. (AZƏRTAC)