Brifinqdə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, Azərbaycan ərazisi dünyada ən çox mina və partlamamış sursatlarla zəhərlənmiş ölkələr arasındadır.
Onun sözlərinə görə, indiyə qədər 77 890 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.
Bu ərazilərdən 86 244 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
ANAMA direktoru deyib ki, piyada əleyhinə 28 043 mina aşkar olunub, tank əleyhinə isə 14 957 mina zərərsizləşdirilib.
Vüqar Süleymanov xarici diplomatların diqqətinə çatdırıb ki, minatəmizləmə prosesi intensiv şəkildə davam etsə də hələ də azad olunmuş bu ərazilərdə azərbaycanlılar həlak olur.
"Postmüharibə dövründə 298 nəfər mina və partlamamış sursatların qurbanı olub ki, onların 53 nəfəri həyatını itirib, 245 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, 1991-ci ildən bəri 3 377 nəfər həlak olub və ya yaralanıb ki, onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadınlar olub".
Vüqar Süleymanov qeyd edib ki, humanitar minatəmizləmə və dayanıqlı inkişaf məqsədləri ilə bağlı Azərbaycan ötən il beynəlxalq konfransa ev sahibliyi edib və bu ilin 24-26 may tarixlərində də Ağdam və Bakı şəhərlərində “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq konfrans keçiriləcək.
Bu konfrans, 2022-ci ilin 30 mart - 01 aprel tarixlərində “Humanitar Minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda keçirilmiş beynəlxalq konfransın davamı olaraq ölkəmizin humanitar minatəmizləmə sahəsində aparıcı rollardan birini tutması istiqamətində atılan mühüm addımlardan biridir.
ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi, mina təhdidlərinin yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərər kimi məsələlər barədə məlumat verib.
Brifinqdə çıxış edən azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, keçiriləcək konfransın ölkəmizin üzləşdiyi mina probleminin dünyaya çatdırılması üçün önəmli olduğunu deyib. O, yeni milli Dayanıqlı İnkişaf Məqsədləri və qlobal humanitar minatəmizləmə üzrə DİM-in təqdim edilməsi təşəbbüsü, habelə Azərbaycanın təcrübəsinin gələcəkdə digər ölkələrdə tətbiq edilə biləcəyini vurğulayıb.
O bildirib ki, Azərbaycan hökuməti azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün böyük vəsait ayırsa da irimiqyaslı işlər görsə də, beynəlxalq ictimaiyyət də bu problemin öhdəsindən gəlməkdə Azərbaycana yardım etməlidir.
Brifinqdə ANAMA-nın İdarə Heyətinin sədrinin müavini Samir Poladov minatəmizləmə sahəsində indiyə qədər görülən işlər barədə xarici diplomatları məlumatlandırıb.
O, minatəmizləmə ilə bağlı qeyri-hökumət təşkilatlarının yaradılması, ANAMA-nın institusional bazasının daha da gücləndirilməsi və s. kimi gələcək planlar barədə də qeyd edib. (APA)