Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə gerçəkləşdirilən tədbirlərdə Dövlət Komitəsinin məsul əməkdaşları və GİZ-in nümayəndələri, yerli sakinlər və mütəxəssislər iştirak ediblər.
Bərdədə yerləşən, Ağdam 1 saylı tam orta məktəbdə gender zorakılığına qarşı mübarizə mövzusunda keçirilən müzakirələrdə müəllim və şagirdlər Dövlət Komitəsinin gender komandası üzvlərinin, Gənc Psixoloqlar İctimai Birliyinin psixoloq-mütəxəssislərin çıxışlarını maraqla dinləyiblər, müzakirələrdə fikir və mülahizələrini bildiriblər.
Tədbir başa çatdıqdan sonra Dövlət Komitəsinin nümayəndələri Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 42 saylı Qalayçılar Kənd Kitabxanasına 1 ədəd kompüter dəsti və 154 nüsxə kitab ianə ediblər.
Sonra Mingeçevir şəhərindəki 504 məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə “Dünyanı Narıncıya Boyayaq” adlı forum-teatr təşkil olunub. Həvəskar gənclərin təqdim etdiyi iki tamaşada məqsəd ictimaiyyətin diqqətini gender zorakılığına qarşı fəallığa cəlb etmək olub. Formata uyğun olaraq məcburi köçkünlər də forum-teatrda fəal iştirak ediblər.
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş tədbir fəal iştirakçılara sertifikatların verilməsi, həmçinin GİZ-in məcburi köçkün gənclər arasında keçirdiyi fotomüsabiqənin qaliblərinin mükafatlandırılması ilə yekunlaşıb.