Görüşdə işğaldan azad edilmiş ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin gəlir gətirən sahələr üzrə peşə təlimlərinə cəlb edilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Dövlət Komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verilib.
Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, Qarabağa və Şərqi Zəngəzura qayıdışı başlanmış keçmiş məcburi köçkünlərin məşğulluğu, yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası mühüm vəzifələrdən biridir. O, Dövlət Komitəsi tərəfindən bu istiqamətdə müxtəlif layihələrin icra olunduğunu, geri qayıdan əmək qabiliyyətli şəxslər üçün peşə təlimlərinin və məşğulluğa dəstək tədbirlərinin təşkil edildiyini qeyd edib.
TKTA-nın Hüquq Təminatı Departamentinin direktoru Vüqar Bağırlı isə keçmiş məcburi köçkünlərin kvalifikasiyasının tanınması, onların özünüməşğulluq imkanlarının artırılması, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də peşə təlimlərinə cəlb edilmiş şəxslərin sayı və imtahan prosesi barədə məlumat verib.
Sonra TKTA-nın Qeyri-formal və İnformal Təhsilin Tanınması Şöbəsinin müdiri Mansur Rəhimli təqdimatla çıxış edib. O, ölkəmizdə peşə təhsilinin cari vəziyyəti, həmçinin formal təhsil ala bilməyən, lakin müxtəlif vasitələrlə peşə bacarıqları əldə edən şəxslərin peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinə keçmiş məcburi köçkünlərin cəlb edilməsinin əhəmiyyəti haqqında danışıb. TKTA tərəfindən verilən sertifikat və diplomların onların məşğulluq imkanlarının genişləndirilməsinə təsiri vurğulanıb.
Görüşdə keçmiş məcburi köçkünlərin əmək bazarına inteqrasiyası, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bu sahədə əməkdaşlığın vacibliyi qeyd edilib.