Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ilk dəfə 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində – ADEX-2022-də nümayiş etdirdiyi “Dəmir Yumruq” perseptual kompozisiyası 85 fotoreproduksiyadan ibarətdir. Kompozisiyanın hündürlüyü 2,25, eni 2,10 metrdir.
Şəkillərdə birinci və ikinci Qarabağ müharibəsinin qəhrəmanları, Vətən müharibəsindən döyüş səhnələri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, hərbçilərlə görüşləri, xalqımızın Zəfər sevinci, bərpa-quruculuq işlərinin gedişi və digər maraqlı tarixi anlar əks olunub.
Qarabağın azadlığı və dirçəlişi uğrunda mübarizənin şanlı tarixinin qısa fotoxronikasını təşkil edən “Dəmir Yumruq” kompozisiyası öz orijinal və maraqlı estetikası ilə Vətən müharibəsində Zəfərimizin möhtəşəmliyini bir daha göz önündə canlandırır.
Torpaqlarımızın işğaldan azad edilməsi, doğma yurda qayıdış məcburi köçkünlərin ən böyük arzusu olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz bu arzunu gerçəkləşdirdi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin ən populyar rəmzi – gücümüzü və birliyimizi təcəssüm etdirən Dəmir Yumruqdur. Qələbədən ötən iki ilə yaxın müddətdə baş verən hadisələr göstərdi ki, Dəmir Yumruq təkcə Qələbəmizin deyil, həm də Qarabağda, Şərqi Zəngəzurda dinc və təhlükəsiz həyatın qarantı, təminatçısıdır. Bu orijinal kompozisiya da məhz doğma yurda qayıdışa hazırlaşan insanların inamını, güvənini əks etdirir.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!