12.10.2024, 13:37
AZ EN
08.02.2024, 13:04 368

Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bir qrup mərakeşli media təmsilçisi - “Məqrib Ərəb Press” qəzetinin redaktoru Mohammed Asvab, “L’Opinion” jurnalının redaktoru Anass Maçlux, “Le Matin” mətbu nəşrinin redaksiya rəhbəri Suheyl Naili, “Al Bayane” qəzetinin rəhbəri, nəşrlər üzrə direktoru Mahtat Rakas, “La Vie Eco” nəşrinin direktoru Fahd İraqi, “Le Desk” mətbu nəşrinin həmtəsisçisi, jurnalist Fatimə Əlqadiri, “TelQuel” mətbu nəşrinin əməkdaşı Yassin Məcidi, “L’economiste” qəzetinin əməkdaşı Saad Alami Yunis, BBMTV telekanalının kameramanı Buçayib Radda və Bahu Əlhəsən ilə görüşüb.

Komitə sədri qonaqları salamlayaraq onlara ölkəmizdə  qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti, bu kateqoriyadan olan insanların sosial-məişət, yaşayış və məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, ərazilərimizin erməni işğalından azad edilməsindən sonra yaranan vəziyyət, Böyük Qayıdış proqramının icrası barədə məlumat verib.

Prezident İlham Əliyevin qaçqınları və məcburi köçkünlərə daim qayğı göstərdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlarla bağlı məsələlərə xüsusi diqqət göstərdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət rəhbərləri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişini, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətlə əvvəlki yaşayış yerlərinə qaylıdışının təmin edilməsini şəxsən nəzarətdə saxlayırlar.

Bildirilib ki, Qayıdışa Dair I Dövlət Proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında işlər sürətlə davam etdirilir və həmin torpaqların sakinləri mərhələli surətdə öz doğma yurdlarına köçürülür. İndiyədək 4 mindən çox məcburi köçkünün işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışı təmin edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, işğal dövründə və sonradan Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi mina terrorunun nəticələrinin aradan qaldırılması zərurəti qayıdış prosesini ləngidir.

“Məqrib Ərəb Press” qəzetinin redaktoru Mohammed Asvab komitənin fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılan işlərlə bağlı verilən məlumat üçün təşəkkür edib, görüşün keçirilməsindən məmnunluq ifadə edilib. Bildirilib ki, həmin ərazilərdə aparılan işlər dünya mediasının da diqqətindədir və prosesləri onlar da diqqətlə izləyirlər.

Görüşün sonunda Dövlət Komitəsinin sədri jurnalist Buçayib Raddaya müsahibə verib və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində görülən işlər barədə xarici medianı maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, mərakeşli media nümayəndələri növbəti günlərdə Ağdama, Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfər edəcəklər.

Görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Mərakeşdəki səfirliyinin nümayəndələri iştirak ediblər.  

 

Oxşar xəbərlər