Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə "Başarı seminarı” təşkil edilib. Seminarda Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və məcburi köçkün gənclər iştirak ediblər.
Seminarın "Həyatın limiti sənsən" adlı birinci hissəsi fərdi inkişaf mütəxəssisi kimi tanınan Xanım Həsənovanın çıxışı ilə başlayıb. Təqdimatda insanların daxili və xarici təsirlər səbəbindən, alışqanlığa çevrilmiş çarəsizliklərdən gələcək həyatlarında yaranan fəsadlardan danışılıb. Kiçik addımların daha uzun yol qət etməyin başlıca sirri olduğunu vurğulayan Xanım Həsənova şəxsi inkişafla bağlı praktik nümunələr təqdim edib.
Seminar türkiyəli yazar Mümin Sekmanın çıxışı ilə davam edib. "Uğur qadın-kişi tanımır" deyən yazar gənc kadrların daim öz üzərlərində işləməli olduqlarını, inkişafa gedən yolun daim çalışmaq və hədəflərini böyük tutmaqdan başladığını vurğulayıb. "Məlumat bacarığa, bacarıq yaşam tərzinə və bu proses alışqanlığa çevrildiyi zaman uğur qalıcı olur," - deyən mütəxəssis 25 illik şəxsi təcrübəsini də iştirakçılarla bölüşüb.
Tədbirin sonunda məşhur yazarın imza mərasimi keçirilib və hər bir kitabsevərlə xatirə fotosu çəkilib.
Qeyd edək ki, özünüinkişaf mütəxəssisi olan Mümin Sekman "Her şey seninle başlar" bestsellerinin müəllifidir. Kitab 1 milyon 300 min satışla Türkiyədə rekord qırıb. Yazarın 25 illik fəaliyyəti dövründə 24 kitabı çap olunub. Bununla yanaşı, təlimçinin seminarlarında bugünədək 100 mindən çox insan iştirak edib.