22.11.2024, 00:33
AZ EN
18.06.2022, 12:30 203

“Mine Mark” fondunun nümayəndələri ilə görüş keçirilib

XƏBƏRLƏR
  • İyunun 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Niderlandın “Mine Mark” fondunun nümayəndələri ilə görüşüb. Görüşdə Fondun həmtəsisçiləri Nils Hegel və Lalə Mustafazadə-Van der Kolk, maliyyə və strategiya meneceri Aleksandr Zdravkovski, layihə icraçısı İlaria Vallini iştirak ediblər.

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, zəruri mühafizə tədbirlərinin görülməsi ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası barədə qonaqlara ətraflı məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub. Uzun illərdir məcburi köçkün vəziyyətində yaşayan həmvətənlərimizin doğma yurda könüllü və təhlükəsiz qayıdışının, onlar üçün layiqli həyat şəraitinin təmin edilməsinin hazırda dövlət siyasətinin mühüm prioriteti olduğu diqqətə çatdırılıb. Bu baxımdan “Mine Mark” fondu ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığı, məktəblilərin təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirilməsinə innovativ yanaşmanın xüsusilə səmərəli olduğu qeyd edilib.

Fondun həmtəsisçisi Lalə Mustafazadə-Van der Kolk səmimi qəbula görə təşəkkür edib, ölkəmizə indiki səfərin məqsədləri barədə məlumat verib, həyata keçirilən layihəyə göstərilən dəstəyə görə Dövlət Komitəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq bildirib.

Görüşdə əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, qonaqların sualları cavablandırılıb.

Xatırladaq ki, “Mine Mark” fondunun nümayəndələri Bakıda və Ağdam rayonunda məcburi köçkün şagirdlərin təhsil aldıqları məktəblərdə olublar. Şagirdlər üçün mina təhlükəsi və partlayıcı sursatlardan qorunma ilə bağlı interaktiv oyunlar keçirilib, şagirdlərə boyama kitabları, oyun kartları və kitabçalar paylanıb, elektron tətbiqlər vasitəsi ilə minalardan qorunma yolları izah edilib.

Oxşar xəbərlər