21.11.2024, 23:00
AZ EN
08.12.2022, 16:35 598

İrəvan Gimnaziyasının 140 illiyi qeyd olundu

QƏRBİ AZƏRBAYCAN

Azərbaycanın ən qədim təhsil ocaqlarından biri olan İrəvan gimnaziyasının 140 yaşı tamam oldu. Bununla əlaqədar olaraq tədbirlər keçirilmiş, mətbuatda yazılar verilmişdir. Yubiley tədbirləri ərəfəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin «İrəvan Gimnaziyası-140 yaşlı təhsil məbədi» adlı kitabı geniş oxucu kütləsinə təqdim edilmişdir. Bu kitabda İrəvan Gimnaziyasının fəaliyyəti təhlil edilmiş, təhsil ocağı haqqında tarixi mənbələr işıqlandırılmışdır. Müəllif yazır ki, XIX əsrin əvvəllərində Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra digər sahələrlə yanaşı təhsil və məktəb sahəsində də öz maraqlarını təmin etməyə başladı. 1832-ci il yanvarın 14-də İrəvanda ilk qəza məktəbi açıldı. Burada rus və başqa millətlərin uşaqları ilə yanaşı azərbaycanlılar da təhsil almağa başladılar. 1836-cı ildə ilk dəfə olaraq Azərbaycan dilini əslən Dərəçiçəkdən olan Mirzə Molla Tağı Mahmud oğlu tədris etmişdi. O, Azərbaycan, rus və erməni dillərində dərs keçmişdir. Lakin o, 1856-cı ildə vəfat etdikdən sonra Mirzə Molla Ələkbər Elxanov qəza məktəbində şəriət və tatar (Azərbaycan) dilini tədris edib.

Qəza məktəbi ilə bağlı Cəlal müəllim kitabda yazır ki, 1838-ci ildə məktəbin binası yanıb və həmin ildə İrəvanın ən zəngin adamlarından olan Seyid Hüseynin şəhərin mərkəzində yerləşən mülklərindən birini icarəyə götürüblər. İrəvan qəza məktəbində yerli xalqın dili olaraq Azərbaycan dili tədris edilib. 1841-ci ildən Azərbaycan dili dərslərinin saatı artırılıb, eyni zamanda coğrafiya, tarix, hüsnxət fənləri də tədris olunub. Bir və ikisinifli qəza məktəbi kimi fəaliyyətə başlayan təhsil ocağı sonrakı dövrlərdə üçsinifli, dördsinifli olmuş, 1881-ci il martın 31-dən gimnaziyaya çevrilmişdir. Gimnaziyanın ilk buraxılış ili olan 1885-də 36 nəfər bitirmişdir ki, onlardan 28 nəfəri müxtəlif şəhərlərdə fəaliyyət göstərən universitetlərə daxil olmuşdu.

Ədəbiyyatımızın yorulmaz tədqiqatçısı Firidun bəy Əhməd bəy oğlu Köçərli 1885-1895-ci illərdə İrəvan Gimnaziyasında dərs demiş, İrəvanda ədəbi-mədəni mühitin təşəkkülünə ciddi təsir etmişdir. Qafqaz Təhsil Dairəsi rəhbərinin 30 oktyabr 1895-ci il tarixli əmri ilə F.Köçərli «Qori» (Zaqafqaziya) Müəllimlər seminariyasına köçürülür, onun yerinə isə İsmayıl bəy Şəfibəyov təyin olunur.

İrəvan Gimnaziyasında 1915-ci ildə141 nəfər azərbaycanlı təhsil alırdı. Azərbaycan elminə öz töhfələrini vermiş, dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov, görkəmli ictimai xadim, professor Əziz Əliyev, ictimai xadim Maqsud Məmmədov, görkəmli dilçi alim Miryusif Mirbabayev və onlarla başqaları bu gimnaziyanın məzunları olublar.

Müəllif mənbələrə istinadən qeyd edir ki, gimnaziyanı bitirib İrəvan quberniyasının müxtəlif bölgələrində müəllim və yaxud dövlət qulluğuna gedənlər, əsasən azərbaycanlılar idi. Həmçinin gimnaziyanı əla qiymətlərlə bitirən məzunlara rus və müsəlman qanunvericiliyi fənnindən gimnaziyada həftədə 4 saat mühazirə oxumaq və İrəvan quberniyasında özəl dünyəvi məktəb açmaq səlahiyyəti verirdi ki, bu səlahiyyətlərə malik olan şəxslərin Azərbaycan dilini bilməsi vacib idi.

Yuxarıda qeyd olunanlara əsasən deyə bilərik ki, 140 illiyi bu yaxınlarda qeyd olunan İrəvan Gimnaziyası təhsil tariximizin şərəfli səhifələrini yaradan möhtəşəm təhsil ocaqlarımızdan biridir.

İsa MUSAYEV

Oxşar xəbərlər