20.01.2025, 23:42
AZ EN
08.01.2025, 11:45 236

Amansız zorakılıqlardan zərər çəkənlərin mənəvi gücü

QƏRBİ AZƏRBAYCAN
  • Deportasiya, qaçqınlıq, məcburi köçkünlük... Bu qanı kəsilməyən, yarası qaysaq bağlamayan faciələr xalqımızın taleyinə zor gücünə yazdırılıb. Uzun illərdir ki, bu tarixi ədalətsizlik haqdan, insan hüquqlarından danışan dövlətlərin gözləri qarşısında baş verirdi, təcavüzkar, işğalçı Ermənistana dur deyən yox idi. Son iki yüz ildən artıq bir dövrdə azərbaycanlılara qarşı erməni soyqırımı, deportasiyası, torpaq işğalı baş verib. Tarixin bu qanlı-qadalı səhifələri dinc azərbaycanlıların qanı ilə yazılıb, onlar deportasiya və qaçqınlıq, köçkünlük ağrıları yaşayıblar.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru, Göyçəni, Dərələyəzi və Qaraqoyunlu mahallarını Ermənistan SSR-in ərazisi elan etdilər. Bundan bir qədər sonra, daha doğrusu, 9 sentyabr 1930-cu ildə "Ermənistan SSR ərazisinin yeni ərazi-inzibati bölgüsü" başlanıb. Bu prosesdə azərbaycanlılar bir-birindən ayrı salınır, onların sıx yaşadıqları ərazilər bir neçə erməni rayonu arasında bölünürdü. Bu işi başa çatdırdıqdan sonra ermənilər Ermənistan ərazisindəki türk mənşəli yer-yurd adlarının kütləvi şəkildə dəyişdirilməsinə və erməniləşdirməyə başlayıblar. Bu tarixi faktlar ulu öndər Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlardan kütləvi surətdə deportasiyası haqqında" Fərmanında əks olunub və bu mühüm sənədlə həmin faciəli hadisələrə siyasi-hüquqi qiymət verilib.

Tarixin saxtalaşdırılması mənfur ermənilərin ikrah doğuran hiyləgərliyi və ən bağışlanmaz mənfur hərəkətləridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev həmişə bu çağırışı edirdi ki, gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq. Ümummilli lider böyük uzaqgörənliklə tariximizin, milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə çatdırılmasını qarşımızda əsas vəzifə olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olmasında da əsas məqsəd elmi ictimaiyyətin qarşısında dayanan vəzifələrin müzakirəsi və onlara nail olmağın yollarının göstərməsi idi. Həmin görüşdə bir daha bəyan edildi ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Çoxəsrlik tariximizi özündə əks etdirən kitablar çap olunmalı, müxtəlif dillərə tərcümə edilməli, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Ümummilli liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizə bağlılığı, qorunması və gələcək nəsillərə çatdırılması çağırışı atdığı addımlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bir daha tariximizin faciəli səhifələrini vərəqləyərək Azərbaycan xalqının ayrı-ayrı zamanlarda deportasiya və soyqırımı siyasətinə məruz qaldığını bildirdi, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bəyan etdi. Bu mühüm hadisəyə diqqət yönəldildi ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik. Ona görə buna nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal olmaq haqqında öz dəyərli tövsiyələrini bildirdi: "Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır".

Dövlət başçısının tapşırığı uğurla və böyük səylə yerinə yetirilir. XX əsrdə Qərbi azərbaycanlıların öz torpaqlarından deportasiyasının tarixinə və nəticələrinə dair araşdırmalar davam etdirilir, bu istiqamətdə həm də kitablar nəşr edilir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilmiş "Etnik təmizləmənin dörd mərhələsi" kitabı zəngin tarixi faktları və aktuallığı ilə diqqəti cəlb edir. Kitabın müəllifi dr. Əli Əskər əslən Qərbi Azərbaycanın Amasiya rayonundandır. Türkiyənin Orta Doğu Texniki Universitetinin Beynəlxalq münasibətlər fakültəsində ali təhsil alıb. Daha sonra Bakı Dövlət Universitetində magistr dərəcəsinə yiyələnib. 2001-ci ildə elmi fəaliyyətlə məşğul olmaq üçün ABŞ-ə gedib, Corc Meyson Universitetində tədqiqatlar aparıb. 2003-2005-ci illərdə həmin universitetin Sülh və Münaqişələr İnstitutunda magistr təhsilini davam etdirib. 2007-2011-ci illərdə Kanadanın Manitoba Universitetində konfiliktologiya üzrə doktorant olub. Fəlsəfə doktorudur. 2013-cü ildən Şimali Karolina Universitetində - Qrinzboroda çalışır, sülh və münaqişələr araşdırmaları sahəsində tədris aparır. Kafedra müdiridir. Elmi tədqiqatları etno-siyasi münaqişələr, vasitəçilik, sülh təhsili, münaqişələrin transformasiyası, qaçqın məsələləri, struktural zorakılıq kimi mövzuları özündə birləşdirir. 7 kitab və çoxsaylı məqalələr müəllifidir. "Etnik təmizləmənin dörd mərhələsi" kitabı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan haqqında dəyərli fikirləri ilə başlayır. Sonra müəllif azərbaycanlıları öz əzəli torpaqlarından didərgin salmaq məqsədilə XX əsrdə, əsasən dörd mərhələdə həyata keçirilən deportasiya siyasətini və ermənilərin törətdikləri zorakılıqları, eyni zamanda həmin hadisələrin Qarabağın dağlıq hissəsini Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək cəhdləri ilə bağlılığını tədqiq etmişdir. Kitab Əli Əskərin ingilis dilində yazdığı və ABŞ-də nəşrə hazırladığı irihəcmli monoqrafiyadan ixtisarla tərcümə olunub.

Kitabın birinci fəslində zorakılıq və məcburi miqrasiya: 1905-1906-cı illərdə regionda Rusiya hakimiyyətindən əvvəl və sonrakı demoqrafik dəyişiliklər, baş verən hadisələrin miqyası, 1905-ci il qırğınının səbəbləri, gərginliyi aradan qaldırmaq cəhdləri və nəticəsiz danışıqlar haqqında tutarlı və təkzibedilməz faktlar əsasında araşdırmalara geniş yer verilib. Qeyd edilib ki, fransız əsilli rus tarixçisi, etnoqrafı və dövlət xadimi İvan İvanoviç Şopenin verdiyi statistik məlumatlara görə, (1852-ci il) İrandan olan ermənilər İrəvan xanlığının 119 kəndində və Naxçıvan xanlığının 72 kəndində məskunlaşmışdılar. Eyni şəkildə Türkiyədən köçürülən ermənilər İrəvan xanlığının 128 kəndinə və Naxçıvan xanlığının 4 kəndinə yerləşdirilmişdilər. Azərbaycan xalqı üçün 1905-ci il regionun həm qərb, həm də şərq hissələrini, o cümlədən Rusiyanın nəzarəti altında olan İrəvanı, Bakını, Qarabağı, Gəncəni, Zəngəzuru və Naxçıvanı əhatə edən faciəli dövr olmuşdur. Bu barədə çox geniş faktlar əsasında təhlillər aparılıb və dəyərli mənbələr barədə məlumatlar verilib.

İkinci fəsildə isə etnik təmizləmənin və məcburi miqrasiyanın ikinci dalğası: 1918-1920-ci illərdə baş vermiş hadisələr öz əksini tapıb. Həmin dövrdə Ermənistanda azərbaycanlıların etnik təmizlənməsi regionun tarixində silinməz iz qoymuş və bu demoqrafik dəyişim bölgənin siyasi gələcəyinə öz təsirini göstərmişdir. Azərbaycan üçün ən acınacaqlı nəticə isə Ermənistanda yaşayan müsəlman əhalinin kəskin azalması oldu. Bölgənin ayrılmaz hissəsi olan azərbaycanlılar erməni hücumlarının və sistemli təmizləmənin hədəfinə çevrildilər. O qanlı illərdə məhv olan yalnız insanların həyatı deyildi, çoxsaylı müsəlman kəndləri də bir daha bərpa olunmayacaq şəkildə yerlə- yeksan edilmişdi. Kəndlərin yer üzündən silinməsi baş vermiş dəhşətlərin acı xatirəsi olaraq dərin bir boşluq yaratdı. Bununla yanaşı, azərbaycanlıların kütləvi qırğına məruz qalması və didərgin salınması uzunmüddətli siyasi nəticələrə səbəb oldu. Azərbaycanlıların gələcəkdə Ermənistanın siyasi həyatında iştirak etmək imkanları xeyli məhdudlaşdırıldı. Həm də azərbaycanlıların Ermənistan dövlətinin tərkibində siyasi muxtariyyət əldə etmək perspektivi tamamilə məhv edildi. Bu da hüquqsuzluq və ədalətsizlik hissini daha da dərinləşdirdi.

Kitabda üçüncü deportasiyanın 1948-1953-cü illəri əhatə edən dövrü tarixi hadisələrin izi və təkzibedilməz faktların dili ilə şərh edilib. Deportasiyaya hazırlıq məxfi aparılmışdı və Kremlin azərbaycanlıların köçürülməsi barədə qərarı qüvvəyə minənə qədər gizli saxlanılmışdı. Üçüncü deportasiya haqqında erməni tarixçilərinin iddiaları əsassızdır, tarixi faktlar təhrif edilmişdir. Köçürülmə adı altında və siyasi oyunbazlıqla həyata keçirilmiş deportasiyanın mahiyyəti haqqında bəzi suallar yaranmışdır. Əgər deportasiya yalnız iqtisadi səbəblərdən qaynaqlanırdısa, onunla bağlı qərar və sərəncamlar niyə məxfi ad altında ictimaiyyətdən gizli saxlanılmışdı. Bundan əlavə, məcburi deportasiya siyasi motivli deyildisə, niyə mərkəzi mətbuat və yerli qəzetlər bu barədə heç nə yazmamışdılar. Bu proses çoxməqamlı və mürəkkəb idi, onun arxasında bir sıra müxtəlif səbəblər dayanırdı. Həmin dövrdə ermənilərin fitvası ilə Kreml Türkiyə ilə həmsərhəd olan Ermənistanı mümkün qədər təhlükəsiz saxlamaq istəyirdi. Çünki ermənilərin satqın və xəyanatkar olduqları çoxdan məlum idi. Lakin səbəblər nə olursa-olsun, bu zorakı köç azərbaycanlıların sosial, mədəni, iqtisadi və siyasi həyatına dərin və mənfi təsir göstərmişdir. Dağlıq şəraitində yaşayan insanları məsburi köçürülmə adı altında yayın istisində arana sürgün etmək insan tələfatına səbəb olmuşdur. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarında göstərilirdi ki, 1948-1950-ci illərdə Ermənistan SSR-də yaşayan 100 min nəfər kolxozçu və digər azərbaycanlı əhali "könüllülük" prinsipi ilə Azərbaycanın Kür-Araz ovalığına köçürülsün. Lakin ermənilərin hiyləsi ilə bu qərara sonradan əlavələr edilərək azərbaycanlı əhalinin daha çox etnik təmizlənilməsi aparılmışdır.

Etnik təmizləmənin dördüncü mərhələsində (1988-1989-cu illər) Qarabağ münaqişəsinin yenidən canlanması, Sumqayıt hadisələri, Quqark qırğınları, 20 Yanvar hadisələri və azərbaycanlıların deportasiyası haqqında ətraflı məlumat verilir, tarixi hadisələr xronoloji ardıcıllıqla təhlil edilir, tarixi faktlar, arxiv materialları diqqətə çatdırılır. Kitabdakı fotoalbomda etnik təmizləmənin dörd mərhələsi haqqında şəkillərin və arxiv sənədlərinin dili ilə ağır və sarsıdıcı faciənin bəzi məqamları əks olunub. Müəllif qeyd edir ki, zülmə və təhdidlərə məruz qalanların və sürgün edilənlərin xatirələri əzəli və əbədi yurd yerlərimizin, Qərbi Azərbaycan torpaqlarının yaddaşına əbədi yazılıb. Nəsillər dəyişsə də itirilmiş torpaqlar haqqında bilgilər və xatirələr dəyişmir, çünki onlar əbədidir, daimidir. İki yüz illik Qarabağ problemini həll edən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən Qalib Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış konsepsiyası mütləq icra ediləcəkdir. Amansız zorakılıqlardan zərər çəkənlərin mənəvi gücü inam yaradır ki, biz əzəli və əbədi torpaqlarımıza qayıdacağıq.

Qeyd edək ki, kitabın redaktorları Müsəllim Həsənov və Elşən Əliyevdir. "Etnik təmizləmənin dörd mərhələsi" kitabı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Salman ALIOĞLU,

"Respublika" qəzeti, 08.01.2025. № 02 (8050).

Oxşar xəbərlər