22.11.2024, 03:51
AZ EN
08.09.2024, 08:03 239

Qərbi Azərbaycan Xronikası: "Gümrü Kimmer türk tayfasının adını əks etdirir"

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"24 Oğuz tayfasının hamısının adı Qərbi Azərbaycan yaşayış yerlərində mövcud olub" adlı buraxılışda filologiya elmləri doktoru, professor İbrahim Bayramov Qərbi Azərbaycanda yer adlarının əsl mənasını izah edir.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda olan yer adları türklərlə bağlıdır: "Qərbi Azərbaycanda həm Oğuz, həm də Qıpçaq yer adları mövcud olub. Ermənilər fars, ərəb dillərində olan yer adlarını saxlayıb, türkcə olanları saxtalaşdırıblar. Dış və İç Oğuz sərhədlərini ifadə edən yer adları Qərbi Azərbaycandadır. Bu ərazidə olan türk yer adları 1300 il əvvəl qeydə alınıb. Qərbi Azərbaycan Azərbaycanın tarixi torpağıdır".

Tanınmış alim diqqətə çatdırıb ki, Qərbi Azərbaycanın qədim türk tayfalarının tarixi məskəni olmasını toponimlər sübut edir: "Kitabi-Dədə Qorqud"da adı çəkilən Altuntaxt Göyçə sahilində yerləşib. Salur Qazan anasını Şökli Məlikdən azad edib, Altuntaxtda ev tikib. Oğuzların ilk yaşayış yeri Göyçə ətrafı olub. Gümrü Kimmer türk tayfasının adını əks etdirir. Qarakilsədəki Şəki kəndinin adı türklərin Sak tayfasından götürülüb. Axta bölgəsində Ozanlar türk tayfası məskunlaşmışdır. Zəngi türk tayfalarının adı Zəngəzurda, Zəngibasarda, Zəngilərdə yaşayır. Şörəyel Şirak/Çıraq türk tayfasının adından götürülüb. Dərəçiçək mahalı böyük ərazini əhatə edən Oğuz tayfalarının məskəni olub. Yarğan mənası verən "car" sözünü ermənilər "dzor" şəklində mənimsəyiblər. Nüvədi kəndinin adının mənası "nüvək-yarğanın kənarı" deməkdir".

O bildirib ki, 24 Oğuz tayfasının hamısının adı Qərbi Azərbaycan yaşayış yerlərində mövcud olub.

İ.Bayramov sonda ərazinin öyrənilməsi, eləcə də yaşayış məntəqəsinə ad verilməsi üçün üç mühüm amilə, Qərbi Azərbaycan boyunca Qıpçaq adı daşıyan yaşayış yerləri və digər məsələlərə aydınlıq gətirib, maraqlı fikirlər və faktlar səsləndirib.

Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)

Ətraflı linkdə: https://www.youtube.com/watch?v=ycEB-p8cPSI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR