“Göyçədə evimizi tərk edəndə kömür sobası yanılı qaldı” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Aşağı Şorca kənd sakini Minayə Abbasovanın həyat hekayəsinə həsr olunub.
O, kəndin dağlarını, bulaqlarını, dəyirmanlarını, yaylaqlarını xatırladıb, ailədə 11 uşaq olduqlarını, 1988-ci ildə qarlı bir gündə Göyçəni tərk etdiklərini bildirib.
Onun sözlərinə görə, doğma evindən ağlaya-ağalaya çıxıb: “Biz ilk olaraq Göygöl rayonunun Balçılı kəndinə, sonra Quşçu kəndinə getdik. 1988-ci il noyabrın ortalarında Quşçu kəndindən ermənilər çıxanda yoldaşım buraya mühasib gəldi. Gecə saat 12 radələri olardı. Anam, xalam, qızlarım da bizdə idi. Rəhmətlikləri kəndə qonaq çağırmışdım. Yoldaşımla oğlum o biri otaqda yatmışdı. Dörd yaşlı balaca oğlum da bu biri evdə divanın üstündə yatmışdı. Əlimdə nəsə toxuyurdum. Elə bir onu gördüm ki, pəncərədən evə nəsə atıldı. Qışqırdım və uşağı götürdüm. Qucağımda hiss etdim ki, nəsə açıldı və uşaq artıq qucağımda deyildi. Anam, qızım yaralandı, özümündə bədənim dolu qəlpələrdi. Bunu mənfur ermənilər etmişdilər. O günlər getsin gəlməsin. Dekabrın 28-dən 29-na keçən gecə qış günü idi, çölə çıxa bilmədik. Hava işıqlananda bizi Gəncəyə 5 nömrəli xəstəxanaya apardılar. Ondan sonra Göyçədəki evimizi Gəncə ilə dəyişdik. Ondan sonra dövlətimiz uşağımın şəhidliyinə görə bizə ev verdi”.
M.Abbasova çox keçməkeşli həyat yaşadığını, elindən-obasından ayrı düşdüyünü və Vətən həsrəti ilə yaşadığını söyləyib: “Həyatda bircə arzum var ki, gedəm, Göyçədə evimizi görəm, ondan sonra yaşamağın mənim üçün heç bir mənası yoxdur. Mən gözümü açıb orada anadan olmuşam, 3 yaşından sonra nəvar hamısı yadımdadır. Bu saat kəndimizin daşı, divarı, bütün xatirələr bir-bir gözümün qabağından lent kimi gəlib gedir. Onu arzulayıram ki, gedəm heç olmasa kəndi uzaqdan görəm və öləm. Orada cavan qardaşımın qəbri qalıb. Atamın qəbri qalıb”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş oktyabrın 13-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. (Report)