Bildirilir ki, indiki Ermənistan ərazisində tarixən azərbaycanlıların sıx yaşadığı coğrafi məkanlardan biri də Ağbaba mahalıdır.
Hələ 1593-cü ildə Osmanlı imperiyasının Tiflis əyalətinin Arpalı sancağının nahiyəsi kimi tanınan Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi 1877-1878-ci illərdə çar rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba mahalının nahiyəsi şəklində Rusiyanın tərkibinə qatılıb. Tarixi coğrafiyası ilə zəngin, sahəsi təxminən 2000 kvadrat kilometrdən çox olan Ağbaba yaylasının qərb tərəfi Türkiyə, şimal tərəfi Gürcüstan, cənub və şərq tərəfi isə Cənubi Azərbaycanın Düzkənd rayonu ilə sərhəddir. Bu ərazi 1921-ci ilin Qars müqaviləsinə görə, şura hökuməti tərəfindən icad edilən “Ermənistana” verilib. Halbuki, Ağbaba həmişə Qars sancağı, Qars paşalığı , Qars Bəylərbəyi və Qars vilayətinin tərkibində mahal, qəza və ya nahiyyə inzibati vahidi kimi fəaliyyət göstərib.
Məlumdur ki, 1877-1878-ci illər Rus-Türk müharibəsi illərində ruslar Qars sancağı və ona yaxın olan əraziləri dörd qəza, bir nahiyyə, 280 kəndi işğal ediblər. Bundan sonra 1878-ci ildə Qafqaz hərbi dairəsinin baş qərargahına tabe edilən dörd dairə, 14 sahə, 238 kənd icmasından ibarət Qars vilayəti yaradılıb. 1881-1904-19013-cü illərdə Qars vilayətinin inzibati ərazi bölgüsündə müəyyən dəyişikliklər aparılsa da, Ağbaba hahiyyə və ya sahə kimi qalıb. Yəni inzibati ərazi bölgüsünə görə Ağbaba süni olaraq iki hissəyə bölüşdürülüb. Belə ki, Arpa çayının yuxarı hövzəsində yerləşən Azərbaycan türklərinin yaşadığı kəndlər Ağbaba nahiyəsinə, çayın sol tərəfi isə Gümrü qəzasına daxil olub. Beləliklə, ruslar tərəfindən bu mahalın onlarla kəndinə, Qızılqoç və Düzkənd rayonuna 1857-ci ildən İran və Türkiyədən gəlmə erməniləri yerləşdirib yerli əhalini,yəni türkləri isə müxtəlif yerlərə didərgin salıblar. 1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyyəsini əksər və Şorayel nahiyyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistanın ərazisinə qatılıb. Lakin sovet dövründə 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyəsi adlanıb. Ermənistan rayonlaşdırılan zaman burda Amasiya inzibati rayonu yaradılıb. Amasiya rayonu dədə-babadan iki mahal, Ağbaba və Şörəyeldən ibarət olub. Ağbaba mahalının 1988-ci ilin sonuna Qoncalı, İbiş, Düzkənd, Çaybasar, Təpəkənd, Şurabad, Göllü, Yeniyol, Balıqlı, Xançallı, Öküz, Güllücə,Ellərkənd, Quzukənd, Qarabulaq, Çivimli və s.kəndləri olub. Şörəyelin azərbaycanlı kəndləri isə Oxçoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıx, Əzizbəyov, Daşkörpü və s. olub.
1930-cu illərdə Ağbabanın və digər bölgələrin 50 mindən çox türk əhalisi ailəliklə Qazaxıstan çöllərinə sürgün edilib. 1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların dalğasında azərbaycanlılar daha ağır zərbələr alıb. Xalq cəsusu Mikoyanın rəhbərliyi ilə keçirilən təmizləmə prosesində, 1938-ci ildə Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Ağbaba rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan on minlərlə azərbaycanl kütləvi surətdə repressiyaya məruz qalıb. Nəhayət, Ermənistan başbilənləri 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində köçürmə, 1988-ci ildə isə azərbaycanlılara qarşı sonuncu deportasiya siyasətini reallaşdırdılar. Bununla da, ermənilərin terror və köçürülmələri nəticəsində Ağbaba mahalı yaxınlığında azərbaycanlılara məxsus məkan qalmayıb. Lakin əminik ki, 80 faizdən çox Oğuz türkünün yaşadığı bu qədim yaşayış məskəni öz sahiblərinə yenidən qovuşacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ