Ağalı kəndinin mərkəzi meydanında keçirilən tədbir Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil edilib. Tədbirdə Şaxta baba və Qar qız, Bakı Dövlət Sirkinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə müxtəlif tamaşalardan səhnəciklər göstərilib, rəqslər ifa edilib. Yurd yerlərinə qayıdaraq Ağalıda məskunlaşmış gənc nəsil zəngilanlılara, kəndin balaca sakinlərinə bayram hədiyyələri verilib.
Qeyd edək ki, Ağalıda 66 ailə yaşayır və 79 nəfər məktəb yaşlı, 18 nəfər isə məktəbəqədər yaşlı uşaqlar kəndin müasir standartlara tam cavab verən orta məktəbində və uşaq bağçasında təhsil və tərbiyə alırlar. (AZƏRTAC)