26.01.2026, 17:50
AZ EN
26.01.2026, 16:16 167

Laçınlı arıçı: Qar nə qədər çox olsa, balımız bir o qədər bol olacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçında bu il qışın qarlı keçməsi təkcə təbiəti bəyaza bürüməyib, həm də arıçılıq təsərrüfatları üçün bol məhsul vəd edir. Mütəxəssislərin fikrincə, mövcud hava şəraiti yaz-yay aylarında arıların daha zəngin nektar toplayacağına və balın keyfiyyətli olacağına işarədir.

Əsrarəngiz təbiəti ilə seçilən Laçın rayonu arıçılıq üçün əvəzsiz məkan hesab olunur. İşğaldan azad edildikdən sonra bu torpaqlar öz əsl sahiblərini – zəhmətkeş insanları qarşılayıb. İndi Laçın yaylaqları yenidən əvvəlki günlərinə qayıdıb.

Rayona qayıdan arıçılardan biri də əslən laçınlı olan Kamal Allahverdiyevdir. O, doğma yurduna 130-dan çox arı ailəsi gətirərək, ata-babasından yadigar qalan peşəni burada yenidən dirçəldir.

Kamal Allahverdiyev keçdiyi çətin yolu belə xatırlayır: "Laçından məcburi köçkün düşəndə cəmi 9 yaşım var idi. 31 il Şəkidə yaşasaq da, bir an belə doğma yurdumuzu unutmadıq. Hətta Şəkidə yaşadığım illərdə özümə “Laçın” ləqəbini götürmüşdüm ki, bu ad hər zaman yaşasın. Bu gün mən ailəmlə birlikdə artıq üç ildir ki, Laçında – öz evimizdəyəm. Bu, sözlə ifadə edilməyəcək bir xoşbəxtlikdir."

Təsərrüfat sahibi bildirir ki, qarlı hava gələcək balın həm keyfiyyəti, həm də həcmi üçün çox vacibdir. Torpağın qarla örtülməsi yazda bitkilərin daha yaxşı inkişafını və şirəli olmasını təmin edir: "Qarın yağması biz arıçılar üçün sevindirici haldır. Qar nə qədər çox olsa, balımız bir o qədər bol olacaq. Ən böyük arzum Laçın balını dünyaya tanıtmaqdır."

Hər keçən gün daha da gözəlləşən və dirçələn Laçın Kamal Allahverdiyev kimi zəhmətkeş insanların əməyi sayəsində öz əvvəlki şöhrətini geri qaytarır.

Bu gün Laçın təkcə strateji əhəmiyyətli bir bölgə deyil, həm də zəhmətsevər insanların əməyi ilə dirçələn mühüm kənd təsərrüfatı mərkəzinə çevrilir. Kamal Allahverdiyev kimi təsərrüfatçıların öz ata-baba yurdlarına qayıdaraq ənənəvi sahələri canlandırması işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi potensialının sürətlə bərpasına xidmət edir. Dövlətin yaratdığı geniş imkanlar və bölgənin zəngin təbiəti yaxın gələcəkdə "Laçın balı"nın ölkə hüdudlarından kənarda da nüfuzlu bir brendə çevriləcəyinə əminlik yaradır. (AZƏRTAC)

Oxşar xəbərlər