Bu günü çox gözlədik, ama həsrətimiz vüsalla sonunclandı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğaldan azad etdi torpaqlarımızı.
28 il yanmayan ocaqlarımız yandı, torpaq isindi, dağ, dərə sevindi, dağlarımızın başındakı duman çəkildi...
Zəfərimizin 5-ci ilinə qədəm qoyduq. Şükürlər olsun!
Bu beş ildə yağı düşmən tərəfindən xarabalığa çevrilən Vətən torpağında tikinti, quruculuq işləri aparılmağa başlanıldı. Qısa zaman kəsiyində böyük-böyük layihələr həyata keçirildi və bu gün də uğurla davam etdirilir.
Yurd-yuva sahibləri yenidən doğma yurda qayıdıb həsrətli günlərinin sevincini yaşayırlar.
Xarabalığa çevrilən Qarabağ, Şərqi Şəngəzur bu gün uşaqların şən, şaqraq səsinin nəvazişi ilə əhatələniblər.
Bəli, bu gün Zəfərimizin 5-ci ilinin sevincini yaşayırlar.
İşğaldan azad olunmuş torpaqlarda müxtəlif idman növləri üzrə yarışlar keçirilib.
Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına və Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəblərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş futbol, kəndirlə mübarizə üzrə idman yarışları, həmçinin veloyürüş təşkil edilib.
Yarışlarda ümumi təhsil müəssisələrinin V–XI sinif şagirdləri iştirak ediblər. Yarışın sonunda qalib komandalar diplom və medallarla təltif olunublar.
Tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə Vətənə sevgi və sadiqlik hisslərini möhkəmləndirmək, Zəfər Gününün əhəmiyyətini daha dərindən aşılamaq, həmçinin sağlam həyat tərzini və idmana marağı artırmaqdır. Bununla yanaşı, yarışlar azad olunmuş torpaqlarda həyatın bərpa olunmasının, gənclərin bu torpaqlarda öz gələcəklərini qurmaq əzminin rəmzi kimi böyük mənəvi önəm daşıyır.
Tahirə AĞAMİRZƏ