17.06.2025, 04:33
AZ EN
01.09.2023, 16:06 463

Sakinlərin geri dönüşü ilə Laçında həyat yenidən canlanmağa başlayıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın şəhərinə minə yaxın sakin geri qayıdıb. 30 illik işğaldan sonra yenilənən Laçında həyat yenidən qaynamağa başlayır. Laçın rayonunda irimiqyaslı layihələr həyata keçirilir, dağıdılmış şəhər və kəndləri bərpa edilir,  əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur qurulur.

Qəzənfər Hüseynov Laçının işğalından əvvəl bir sıra vəzifələrdə işləyib. O, deyir ki, indi yenidən qayıdıb yaşamağa başladığı evə işğala az qalmış köçübmüş.  Bir neçə il ərzində hissə-hissə tikib başa çatdırdığı evi bir neçə ay sonra tərk etməli olub. 1992-ci ilin mayından sonra Qəzənfər Hüseynov evinə yalnız onlayn xəritələrlə baxırmış. O, “Real” TV-yə açıqlamasında bildirir ki, bu evdə düz 11 ay yaşamışam. Mənim doğulduğum ev şəhərin mərkəzindədir, ermənilər dağıtmışdı. İndi hospital ediblər. Xəritədə baxanda evin korpusu, çardağın şiferi görünürdü. Amma bura gələndən sonra aydın oldu ki, ermənilər çardağın taxtasına qədər söküb aparıblar. Evin pəncərəsini söküb, daraldıb hardansa oğurladıqları kiçik gözlü pəncərə qoyublar. 2020-ci ildə mən bura gələndə hələ burda abadlıq işləri başlamamışdı. Sonra dövlətin dəstəyi ilə Laçında yenidən infrastruktur, abadlıq, bərpa-qüuruculuq işlərinə başlanıldı.

Qəzənfər Hüseynov və həyat yoldaşı Laçında yaşayıb işləmiş olsalar da, övladları ömürlərinin sonrakı illərini Sumqayıt şəhərində keçiriblər. İndi onların həyatlarında yeni mərhələ başlayıb, Laçında yaşamaq mərhələsi.

“Sözün həqiqi mənasında mən də, yoldaşım da qızlarım da ruhən, qəlbən Laçında olmuşuq. Nəvələrim də, nəvəm var, Hüseyndir adı, Samqayıtda yaşayır. O,  10-15 il bundan əvvəl, 6-7 yaşı olanda deyirdi ki, dədə narahat olma, Azərbaycan ordusu Laçını alacaq... Özümüz də uşaqlarımız da əmin idik ki, biz yenidən Laçına qayıdacağıq. Televiziyada çıxışlarımda, sosial şəbəkələrdə bütün yazılarımda Laçını təbliğ etmişəm”,- deyir Qəzənfər Hüseynov.

Ülkər Hüseynova işğala qədər Laçında bankda işləyib. O, gənc yaşlarında Laçını tərk etməli olub və respublikanın başqa rayonlarında yaşayıb.

26 yaşında Laçından ayrılmaq məcburiyyətində qalan Ülkər Hüseynova indi yenidən övladları ilə doğma evinə qayıdıb. O, deyir ki, Laçın işğal olunandan sonra biz yalnız Laçını video-görüntülərdə görürdük. İndi burada yaşayıb yaratmaq bizim üçün çox xoşdur. Həmişə laçınlı günlərimizin gözəl xatirələri ilə yaşamışıq. Laçın rayonu dağ rayonu olmasına baxmayaraq, əvvəllər də hər bir şəraiti olub. Bu gün yenidən doğma torpağımızdayıq. Demək olar ki,  yenidən qurulub Laçın şəhəri. İndi əvvəlki Laçından da gözəldir şəhər. Çox gözəl işləyiblər, qurub-yaradıblar. Çox sağ olsunlar, burda əməyi olan hər kəsə öz təşəkkürümüzü bildiririk ki, bizi belə gözəl şəraitli evlərlə təmin ediblər.

Laçın işğaldan azad olunan şəhərlər arasında sakinlərin geri qayırdığı ilk şəhərdir. Baxmayaraq ki, Laçın işğaldan ən son azad olan şəhərdi. Bir il əvvəl 2022-ci il avqustun 26-da şəhər Azərbaycana təhvil verilib. İnanırıq ki, laçınlıların burada rahat yaşamasıyla yanaşı, həm də Laçın dünyanın diqqətini cəlb edən böyük turizm şəhərinə çevriləcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR