Milli Qəhrəmanın həyat yoldaşı Sevil Əsədova həyat yoldaşının məzarını ziyarət edə-edə ötən günlərini xatırlayıb deyir ki, onunla bura ilk dəfə gəldiyim hissləri yaşadım və əlavə edir ki, mənim yoldaşım yetim oğlan olub. Oxuya-oxuya anasını, qardaşlarını saxlayıb. Onunla ailə qurduğuma görə çox xoşbəxt idim, gözəl insan idi. Heç vaxt bilməzdim ki, məni belə yarıyolda qoyar 4 uşaqla, həm məcburi köçkün vəziyyətində, Arazdan keçib gəlmiş adam, dörd uşağı necə saxlayar....Çox çətin günlər idi,- deyib qaynar göz yaşlarını uçulub dağılmış məzarın soyuq daşlarına axıdır...
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əsədov 1956-cı il martın 22-də Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarına çağırılmışdı. Hərbi xidmətini bitirdikdən sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur.
1991-ci il oktyabrın 29-da AN-2 təyyarəsinin komandiri Əsəd əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxıb. Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdıran AZAL-ın əməkdaşları şərəfli missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düşmən tərəfindən ALAZAN raketi ilə vurulub. Cəsur komandir bu uçuz zamanı heyət üzvləri ilə birlikdə həlak olub. Dörd övladı yadigar qalıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ