Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi - ANAMA azad olunmuş ərazilərdə indiyədək 12 min 313 mina aşkar edərək zərərsizləşdirib. Tapılan minaların əksər hissəsi, yəni 8780 ədədi piyada, qalan 4133-ü isə tank əleyhinədir. Bununla yanaşı, təmas xətti kimi bilinən nəhəng relyefli zonada və ələxsus döyüşlərin getdiyi ərazilərdə 14 min 950 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Onlar minalardan da təhülükəli sayılır, çünki müxtəlif, hətta mexaniki olmayan səbəblərdən partlayaraq ətrafa daha çox ziyan vura bilər.
Xüsusi çəkiliş qrupu nə vaxtsa Tərtərlə Talış kəndi arasında avtomobil yolu olmuş, amma əslində illərdir təmas xətti kimi tanınan neytral zonanın sıfır nöqtəsində müşahidə aparıb. Tamamilə yararsız hala düşmüş yolda düşmən tərəfindən yerləşdirilən minaların yuvalarını görmək mümkündür. Yolun hər iki cinahı tikanlı məftil, tank əleyhinə mexaniki qurğular və təbii ki, qarışıq təyinatlı mina sahələri ilə doludur. Bunlar hamısı irəliləyən Azərbaycan Ordusunun qarşısını kəsməli, hücumunu əngəlləməli idi. Yol yarıya qədər minalardan təmizlənib. Ermənistan silahlı qüvvələrinin işğalçı kontingentinin nə vaxtsa mövqeləri olan istiqamətə yaxınlaşdıqca, burada quraşdırılan piyada əleyhinə minaları gözlə görmək mümkündür. Onlar burda sıx yerləşdirilmişdi. Bu, Ermənistan istehsalı olan plastik gövdəli minalardır ki, yağışlardan sonra quruntun üzərinə çıxıb. Sözügedən sursat 200 qram trotillə təchiz edilibdir və PM minasından fərqli olaraq insanı yerindəcə öldürə bilər.
Erməni işğalçıları tərəfindən istifadə olunan raket və mərmilərin əksəriyyəti saxlama müddəti keçdiyindən belə tapıntılara çox rast gəlinir. Torpağın alt qatlarına girib və çay məcralarında batan partlamamış müxtəlif mərmilər illərlə qurunt sularını zəhərləyərək, təhlükə mənbəyinə çevrilir.
Ərazilərimizin minalardan təmizlənməsi üç əsas üsulla reallaşdırılır. Bu, ilk növbədə, xüsusi texnikanın, itlərin cəlb olunması və ənənəvi mexaniki araşdırmadır. Məsafədən idarə olunan minatəmizləyən maşınlar prosesi təhlükəsiz həyata keçirməyə kömək etsələr də, bəzi hallarda yüngül çəkilli piyada əleyhinə minaları zərbə ilə sındırıb kənara atır. Onları relyefli ərazidə və tank əleyhinə mina axtarışında isə ümumilikdə istifadə etmək olmaz. Bunun üçün minalanmış ərazilərin ilkin ekispertizası və şərti xəritələri hazırlanır. Yəni texnikadan sonra qurunt təkrar olaraq digər üsullarla da yoxlanılır. Növbəti mərhələdə ərazidə xüsusi təlim görmüş itlər, sonra isə agentliyin mütəxəssislərindən ibarət qrup işə başlayır. Bu yaz əkin sahələrinə və bağlara, yeni yol və kanallara çevriləcək minlərlə hekatar vətən torpağı, sözün əsl mənasında, ələnərək istifadəyə yararlı hala gətirilir.
Hazırladı: Tahirə AĞAMİRZƏ