"Vətən səsi" xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Qubadlı rayon mərkəzi xəstəxanasının tikintisi ilə bağlı açıq tender elan edib. Elan edilən şərtlər rayon mərkəzində 91 çarpayılıq xəstəxana binasının tikintisinin birinci mərhələsinə başlanmasını nəzərdə tutur. Bu mərhələdə tikinti işlərinin aparılması üçün ilkin olaraq sifarişi yerinə yetirəcək şirkət 8 milyon manat ayrılacaq. Təkliflərin hazırlanması və aidiyyəti sənədlərlə birlikdə müsabiqə komissiyasına təqdim olunması üçün bir ay vaxt müəyyən edilib.
Xatırladaq ki, Qubadlı Rayon Mərkəzi Xəstəxanası üçün tikiləcək binanın konseptual dizaynı artıq hazırdır və sifarişçi qurum olan Səhiyyə Nazirliyinə təqdim olunub. Memarlıq dizaynı və mühəndisliyi üzrə xidmətlər göstərən “PBA” QSC-nin hazırladığı dizayn orijinallığı ilə seçilir.
Qubadlı şəhərində 91 çarpayılıq xəstəxana 4,5 hektardan çox ərazidə inşa olunacaq. Ttibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.
Elxan SALAHOV