Teymur müəllim deyir ki, 1975-ci ildə Xocalı rayonunun Ballıca kəndində dünyaya göz açıb. 1988-ci ildə düşmənin törətdiyi təxribatlar nəticəsində ailəsi kənddən ayrılaraq Xocalı şəhərinə köçüb. Xocalıdan köçkün düşəndə onun 13 yaşı vardı.
Teymur Əzimov bu gün iki övlad atası və müəllim kimi doğma Ballıca kəndinə qayıdıb. O, BakuTV-yə danışır ki, bura onun ata-anasının tikdiyi doğma evdir. İndi ata-anası bu gözəl günləri görməsə də ruhları şad olur. Çünki övladları, nəvələri onların ocağını yenidən yandırıb, isti nəfəsləri ilə bu doğma evə yeni həyat bəxş edirlər...
Teymur müəllim deyir ki, bu illər ərzində yaxşı-pis yaşamışıq. Amma bu evdəki kimi heç yerdə rahat yata bilməmişik. Qəlbimiz həmişə narahat olub, yurd həsrəti ürəyimizi yandırıb...
Hüseyn Əzimov da Ballıca sakinidir. O, Teymur müəllimin əmisi oğludur. H.Əzimov deyir ki, mən çox şadam ki, öz doğulduğum, boya-başa çatdığım torpağımdayam. Əmimin evindəyəm, bura bizim üçün çox doğmadı. Bizim evimiz isə bu evin arxasında idi, düşmən darmadağın edib, heç nə qalmayıb.
Onlar evlərindən bir şəkil belə çıxara bilməyiblər. Teymur müəllim deyir ki, indi bir qohum evindən bu şəkil tapıb mənə göstərdi. Bu şəkil mən ikinci sinifdə oxuyanda çəkilib. Niyazi adında bu oğlanla mənim şəklimdi...
İndi biz nəinki bir şəklə, xatirəyə, bütün dünyaya görk olan şanlı Zəfərimizə və bir də doğma torpaqlarımıza qovuşmağın səadətini yaşayırıq. Sevincimiz əbədi olsun...
Mina RƏŞİD