15.12.2025, 16:37
AZ EN
15.12.2025, 14:31 117

Füzulidə yaşayan Avropa çempionu: Bura Vətəndir!

QARABAĞ
  • Harada dünyaya göz açırsansa, harada doğulursansa, o yer sənin üçün dünyanın paytaxtına çevrilir. Hər kəs üçün belədir. Lap istəyir Avropa çempionu ol!

Natiq üçün də belədir. O, dünyaya Füzulidə göz açıb, ilk addımlarını bu şəhərdə atıb. Bağçaya, məktəbə gedib. Gözünü açıb şəhərin kənarında ucalan Məngələnata təpəsini, Köndələni, şəhərin ortasından axıb gedən Çərəkən çayını, yazda yağıntılar bol olanda aşıb-daşan, yay gəlməmiş suyu quruyan Quruçayı görüb. Bir müddət sonra onun əlindən tutub SSRİ idman ustası Mobil Yusifovun məşqçilik etdiyi güləş bölməsinə aparıblar.

“Bu şəhər, onun hər tini, dalanı mənim üçün xatirələr yuvasıdır. Rayonda “Sürücülər məhəlləsi” adı ilə tanınan Əbdül Məmmədov küçəsində yaşayırdıq. Məhəlləmizin adamları, toy-düyünləri uşaq yaddaşımda əziz bir xatirə kimi yaşayır. Mən burada gizlənpaç, qaçdı-tutdu, “Topaldıqaç”, “Yeddi şüşə” oynamışam, yaşıdlarıma qoşulub top qovmuşam. Bu küçələrdə yıxılmışam, büdrəmişəm, dizlərim sıyrılıb, qolum-ayağım qanayıb. Hər səhər çantamı götürüb bu küçələrlə məktəbə getmişəm, dərsdən qayıdandan sonra idman çantamı çiynimə aşırıb məşqə tələsmişəm. Toy olanda gedib mağarın arxasından musiqiyə qulaq asmışıq, yas düşəndə küçədə dayanıb tabut aparanların arxasınca baxmışıq, gəlin maşını gələndə qabağını kəsmişik. Hər addımı mənim üçün xatirələrlə dolu olan həmin küçələr indi artıq yoxdur. Onları fikirləşəndə, yada salanda çox pis oluram”,- deyə yunan-Roma güləşi üzrə Avropa çempionu Natiq Eyvazov söhbət zamanı ötən günləri yada salır.

İlk addımlarını bu şəhərdə atan, ibtidai təhsilini alan Natiq sonralar Bakıdakı idman təmayüllü məktəbdə oxuyub. Güləşin sirlərinə daha mükəmməl yiyələnib. 1992-ci ilə qədər üç dəfə SSRİ çempionu olub. 1993-cü il yunan-Roma güləşi üzrə İstanbulda keçirilən Avropa çempionatının qalibi olub. 52 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvan bir il sonra Finlandiyanın Tampere şəhərində keçirilən dünya çempionatında gümüş medala sahib olub.1998-ci ildə Minskdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Bir il sonra Bolqarıstanın Sofiya şəhərində Avropa çempionatının bürünc medalına sahib olub. Sidney olimpiadasında beşinci, 2003-cü il İstanbulda keçirilən dünya çempionatında üçüncü yeri tutub. 1995-ci ildə “Tərəqqi” medalına layiq görülüb.

O, ötən ilin aprelindən doğma şəhərə qayıdan ilk sakinlərdən olub. “Vətən məni çəkirdi, ona görə qayıdış başlayan kimi birincilər sırasında doğma ata ocağımıza üz tutdum. İkiotaqlı mənzilim var, çox rahatdır, qaz, su, istilik təchizatı çox yüksək səviyyədədir”, - deyir.

Natiq ailə üzvləri və nəvəsi Alparslanla bir yerdə yaşayır. Çox sevdiyi bu şəhərdə tez-tez xatirələrlə baş-başa qalır: “Dünyaya göz açdığım, havasını udub suyunu içdiyim, hər qarışı, dalanı mənə doğma olan şəhəri viran edilmiş, xaraba vəziyyətdə görmək kimə pis təsir etməz? Nankor qonşularımız hər şeyi yerlə-yeksan ediblər. Çox yerdə evlər, binalar bünövrəsinə qədər sökülüb, divarlar uçub, yaşıllıqlar məhv edilib, yol-yolağa itib. Ancaq buranın hər qarışı, dağılmış yolu və evləri də adama doğma gəlir, çünki Vətəndir!

Bu gün gözümüzün qabağında yeni bir şəhər, yeni bir Füzuli salınır. Abad küçələr, yeni yollar, yaşıllıqla dolu park, sosial obyektlər, uca və yaraşıqlı binalar göz oxşayır. Məktəb fəaliyyət göstərir, əyləncə, istirahət yerləri var. Təzəliklə DOST mərkəzi açıldı, hazırda şəhərdə xəstəxana, məscid tikilir, yeni park salınır. Ailə üzvlərimizlə, dostlarımla, nəvəm Alparslanla tez-tez gəzməyə çıxır, ətraf kəndlərdəki meşələrə, bağlara üz tutur, Şuşaya, Xankəndinə gedib xoş saatlar keçiririk. Kaş, yeni tikilən obyektlər sırasında idman müəssisələri, güləş salonları da ola və mən də qazandığım təcrübəni uşaqlara, gənclərə öyrədim”, - deyə Natiq Eyvazov ürək sözlərini ifadə edir. (AZƏRTAC)

Oxşar xəbərlər