08.09.2025, 21:00
AZ EN
08.09.2025, 16:05 140

Ağdərənin Vəngli kəndində 29 ailəyə evlərinin açarları təqdim olunub

QARABAĞ
  • İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Vəngli kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 29 ailə - 105 nəfər köçürülüb. Ağdərəyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdimolunma mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, kənddə sakinlər üçün yaradılan şəraitdən danışıb.

ANAMA-nın əməkdaşları sakinlərə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat veriblər. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə edilib.

Mərasimdən sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər. (AZƏRTAC)

Oxşar xəbərlər