73 saylı məntəqə seçki komissiyasının sədri Ceyhun Əbdülov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
Səsvermədə iştirak edən Xocalı sakinləri doğma yurdlarında səs verdikləri üçün qürur hissi keçirdiklərini dilə gətiriblər.
Seçici Məlahət Paşayeva deyib: “Ötən 32 il ərzində ölkəmizdə keçirilən seçkilərdə məcburi köçkün olaraq iştirak edirdik. Nəhayət yurd həsrətimiz bu il başa çatdı – may ayında yenidən Xocalıda məskunlaşdıq və bu gün öz torpağımızda qürurlu Azərbaycan vətəndaşı kimi səs veririk. Bu qüruru, sevinci bizə yaşatdığına görə Prezidentimizə, ordumuza təşəkkürümü bildirirəm”. (AZƏRTAC)