22.11.2024, 10:08
AZ EN
07.02.2023, 11:43 374

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu bildirdi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, həmçinin turizm imkanlarının və biznes strukturları arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanla Laos arasında həm BMT, həm də Qoşulmama Hərəkatı çərçivəsində yaxşı əlaqələrin olduğunu və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin önəmini qeyd etdi. Prezident İlham Əliyev BMT-dəki islahatlar çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin rotasiya əsasında BMT Təhlükəsizlik Şurasında təmsil olunması ilə bağlı Azərbaycanın təklifinin əhəmiyyətini vurğuladı.

Səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyevə salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos Prezidentinə çatdırmağı xahiş etdi.

Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən səfir Bakının gözəlliyinin onu heyran etdiyini dedi. Sovet dövründə çoxlu sayda laoslu tələbənin Azərbaycanda təhsil aldığını qeyd edən Vilavan İyapohe hazırda onların Laosda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini bildirdi.

Səfir ölkələrimiz arasında iqtisadi və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırdı.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR