09.10.2025, 20:44
AZ EN
01.10.2025, 16:59 177

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və İtaliya Prezidenti Sercio Mattarellaya yeni tikilmiş tədris korpusları və onların ətrafında yaradılmış park barədə məlumat verib.

Sonra tədris korpusunda təşkil edilən Azərbaycan və İtaliya kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanışlıq olub.

Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.

İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.

Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb. Tədris emalatxanası tələbələr və tədqiqatçıların bir yerdə işlədiyi məkandır. Onların birgə əməyinin nəticəsi isə xüsusi Dizayn və yaradıcılıq mərkəzi vasitəsilə sənaye və biznes strukturlarına çatdırılacaq. Bir sözlə, bura tədris və tədqiqatın real iş dünyası ilə birləşdiyi mərkəzdir.

Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.

Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər (AZƏRTAC).

Oxşar xəbərlər