Görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Sankt-Peterburq şəhəri ilə əməkdaşlığının ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulandı.
Söhbət zamanı Prezident İlham Əliyev ilə Aleksandr Beqlov arasında bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlandı, Sankt-Peterburq şəhərinin qubernatorunun ölkəmizə səfərinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olundu və bu səfərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirildi.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Sankt-Peterburqda geniş tədbirlərin keçirildiyi xatırlandı. Bir sıra görkəmli azərbaycanlıların Sankt-Peterburq şəhərinin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edildi.
Görüşdə ticarət, iqtisadi, investisiya imkanlarının genişləndirilməsi, humanitar, mədəniyyət, təhsil sahələrində müvafiq qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirildi. Artıq 20 ildir ki, fəaliyyət göstərən Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində növbəti 4 il üçün Yol Xəritəsinin imzalanması məmnunluqla vurğulandı.
Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.