Bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov Xaçınçay su anbarına media-tur zamanı bildirib. Rafiq Aslanov su anbarının bəndinin qəzalı vəziyyətə düşdüyünü deyib.
Onun sözlərinə görə, işğaldan azad olduqdan sonra 2020-ci ildə Azərbaycan Prezidenti tərəfindən yaradılan dövlət komissiyasının üzvləri və sədri dəfələrlə anbara baxış keçirib: “Komissiya müzakirələr apardı və təcili olaraq tədbirlər görülməsi qərara alındı. İlk növbədə ərazi müvafiq qurumlar tərəfindən minalardan təmizləndi. Təmizləndikdən sonra iqtisadi, texniki əsaslandırma layihələri ilə bağlı müsabiqə elan olundu. Qalib müəyyən olunandan sonra işlərə başlanıldı. Müsabiqənin qalibi KBT şirkəti tərəfindən 2 ay öncə işlərə başlanılıb. Burda təkcə yamacın beton hissəsi 80 min kvadratmetrə yaxın aşınmışdı. Dəmir hissəsi çıxarılmışdı. Su qəbuledici qurğular da çox pis vəziyyətə düşmüşdü, mənfur qonşularımız tərəfindən qurğuların qapıları sökülüb aparılmışdı".
ASC-nin sədr müavini bildirib ki, artıq bərpa işlərinin 80 faizi görülüb, indi betonlama işləri gedir.
Rafiq Aslanov deyib ki, gələn ilin oktyabr ayına qədər Xaçınçay su anbarında bərpa işlərinin tamamilə başa çatdırılması nəzərdə tutulur. Suyun yığılmasını təmin edilsə, 2024-cü ilin payız suvarmasını anbar vasitəsilə həyata keçirmək mümkün olacaq. (APA)